II Beynəlxalq muğam festivalına dünyanın müxtəlif ölkələrindən ifaçılar qatılıb
   
   Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” II Beynəlxalq muğam festivalının başlanmasına həsr olunmuş mətbuat konfransı oldu. Qeyd edək ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilir. 
   
   Mətbuat konfransında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi Surəyya Ağayeva festivalla bağlı geniş məlumat verdilər.
   Bəstəkarlar İttifaqının sədri F.Əlizadə martın 14-dən 21-dək davam edəcək festival çərçivəsində beynəlxalq simpoziumun (15-17 mart), beynəlxalq muğam müsabiqəsinin (18-20 mart) keçiriləcəyini bildirdi. Festival gedişində hər gün konsertlər olacaq, bu konsertlərdə dünyanın müxtəlif ölkələrinin - Amerika, Kanada, Fransa, Almaniya, Çin, Hindistan, ərəb ölkələri, Özbəkistan, Qazaxıstan, Latın Amerikası ölkələrinin təmsilçiləri çıxış edəcək.
   Festival iştirakçıları və qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarına və “Arşın mal alan” operettasına tamaşa edəcəklər.
   Bununla bərabər, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Tar, kamança və kamanlar”, “Zərb muğamlarından mahnılara”, “Sarı gəlin” konsert proqramları, Bakı Caz Mərkəzində caz musiqisi axşamları, Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” adlı görüş-konsert təşkil olunacaq və “Əsli və Kərəm” operası nümayiş etdiriləcək.
   Bəstəkarlar İttifaqının sədri bu il beynəlxalq müsabiqəyə qatılım şərtlərində bəzi dəyişikliklərin edildiyini, xanəndələrin yaş həddinin 40 yaşdan 35-ə endirildiyini dedi: “Bu müraciətlərin çox olması ilə bağlıdır”. O, festival çərçivəsində hər gün 4-5 tədbirin keçiriləcəyini, Beynəlxalq Muğam Mərkəzində bütün dəsgahların səslənəcəyini bildirdi: “Müxtəlif ölkələrdən gələn muğam ifaçıları bizim ifaçılarla birlikdə çıxış edəcəklər. «Əsli və Kərəm» operasının konsert versiyası da Muğam Mərkəzində təqdim olunacaq. Ustad dərsləri də planlaşdırılıb. Bu dərsləri Alim Qasımov və Misirdən gələcək zərb alətləri ustadı Həbib Yamini aparacaq. Həmçinin qeyri-adi caz layihələri də hazırlanıb».
   UNESCO-nun nümayəndəsi Jan Dürinq iki il öncə də iştirak etdiyi festivaldan çox məmnun qaldığını bildirdi: «2009-cu ildə keçirilən festivaldan sonra bütün dünyada bu haqda danışdım. Festivalın dolğun proqramından, insanlar arasında olan gözəl münasibətdən çox bəhs etdim. Burada mütəxəssislərlə təmasda oluruq və bu hər kəsə çox xoşdur».
   Müsabiqənin münsiflər heyətinin üzvlərindən olan Siyavuş Kərimi isə müsabiqə barədə məlumat verdi: «Martın 17-də beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi olacaq, sonrakı üç gündə isə müsabiqə keçiriləcək. Müsabiqəyə qatılmaq üçün Çin, Hindistan, Özbəkistan, İordaniya, İran, Küveyt, Mərakeş, Türkiyədən müraciətlər olunub. Azərbaycandan bu müsabiqə 5 nəfər ifaçı ilə təmsil olunacaq. Onlar II Respublika muğam müsabiqəsinin qalibləri Aytən Məhərrəmova, Ehtiram Hüseynov, Nişanə Baxışova, habelə Fərqanə Qasımova və Babək Niftəliyevdir”.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festival çərçivəsində qonaqlar üçün Bakının görməli yerlərinə xüsusi ekskursiyalar təşkil olunacağını bildirdi.
   Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinə Jan Dürinq (Fransa), Siyavuş Kərimi (Milli Konservatoriyanın rektoru), Ramiz Zöhrabov (Bəstəkarlar İttifaqının katibi), Xalq artisti Arif Babayev, Ozan Yarman (Türkiyə), Uilyam Samits (ABŞ), Ehsan Hezrlou (İran) daxildir.
   Qeyd edək ki, “Muğam aləmi” II Beynəlxalq muğam festivalına martın 21-də Heydər Əliyev Sarayında qala-konsert proqramı ilə yekun vurulacaq.
   
   Gülər