II Beynəlxalq muğam festivalı çərçivəsində elmi simpozium işə başladı
Martın 15-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində “Azərbaycan muğamı və Orta Şərq musiqisi” elmi simpoziumunun açılışı oldu. Tədbiri açan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə simpoziumun UNESCO səviyyəsində keçirildiyini nəzərə çatdırdı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muğam sənətinin son dövrlərdəki vəziyyətindən danışdı: «Dönə-dönə dinlədiyimiz muğamlar, təsnif və rənglər, ölməz xalq mahnıları, onları qoşub nəsildən nəslə ötürmüş ustad ifaçıların tükənməz ilham və bəstəkarlıq qüdrətindən xəbər verir. Muğam ifaçılığının son iki əsrlik inkişaf mərhələsinə nəzər salmaq kifayətdir ki, onun əhəmiyyətinin miqyasını dərk etmək mümkün olsun. Musiqi tarixçilərinin yekdil rəyinə görə, XIX əsr Azərbaycan milli muğam ifaçılığının təşəkkülündə həlledici mərhələ olub. Azərbaycanın qədim mədəniyyət mərkəzlərində - Qarabağda, Təbriz, Şamaxı və Bakıda muğam məclisləri, muğam məktəbləri böyük nüfuz qazanıb. Qafqazın konservatoriyası sayılan Şuşada bütün Şərqdə tanınan xanəndə və sazəndələr yetişib. XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən Azərbaycanın xanəndə və sazəndələrinin sorağı Avropanın konsert salonlarından gəlib. Daha sonra Üzeyir Hacıbəylinin ilk muğam operaları bu sənətin yeni imkanlarını üzə çıxardı”.
Nazir milli bəstəkarlıq məktəbinin yaranmasında muğamın möhkəm təməl rolunu oynadığını qeyd etdi: “Şərqin ilk operası «Leyli və Məcnun» məhz muğam ənənəsindən qidalanaraq Avropa janrları sisteminə muğam operası anlamını gətirdi. Azərbaycan və dünya cazının əfsanəvi siması Vaqif Mustafazadə muğam və caz ənənələri qovşağında bənzərsiz muğam-caz üslubu yaratdı. Muğamın XX əsrdə dünya musiqi sisteminə daxil olması onun həm də mədəniyyətlərarası dialoqda fəal yaradıcı rolunun bariz nümunəsidir”.
Azərbaycanın müstəqilliyi dövründə muğamın yeni inkişaf yoluna qədəm qoyduğunu qeyd edən nazir bu yolda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlərin müstəsna rolunu vurğuladı: “Bu tədbirlərin məntiqi nəticəsi kimi UNESCO-nun qərarı ilə muğam bəşəriyyətin qeyri-maddi irs sərvətləri sırasına daxil edildi. Bu muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir».
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov muğamın Azərbaycan xalqının ən qədim abidəsi olduğunu bildirdi: «Elə mədəniyyət abidələri var ki, xalqın tarixdə meydana çıxması ilə yaranıb. Azərbaycan xalqının belə mədəniyyət abidəsi var və o muğamdır. Muğam Şərqin bəşəri və estetik ideyalarını özündə əks etdirir. Muğam Azərbaycan mədəniyyətinin və təhsilinin ayrılmaz hissəsidir».
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov iki il öncə keçirilmiş elmi simpoziumdan ötən dövr ərzində muğamın yeni metodoloji əsasda təbliğinə başlandığını vurğuladı.
UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq də çıxışında simpoziumun əhəmiyyətindən danışdı.
Günün ikinci yarısında elmi simpozium Azərbaycan Bəstəkarlar İttifaqında davam etdi. Simpoziumda «S.Urməvinin və Ü.Hacıbəylinin elmi əsərlərində muğam-məqam sistemləri» (professor Səfərova Zemfira, Azərbaycan), «XVII əsrdə maqamın suit formasında ifası və XIX əsr Azərbaycan dəsgahı ilə əlaqələri» (Dr Uilyam Samits, ABŞ), «Bosfordan Marağaya qədər: maqamların düzgün ifasına dair nəzəri araşdırmalar və təcrübə təkliflər» (Dr. Ozan Yarman, Türkiyə) və s. mövzularda məruzələr dinlənildi.
Gülər