«Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik» adlı sərgi isə xalqlarımızın ortaq dəyərlərinə sübutdur 
   
   Martın 29-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində yeni fəaliyyətə başlayan «Azərbaycan xalçaçıları» İctimai Birliyinin təqdimat mərasimi və «Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik» adlı sərgi keçirildi. 
   
   Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, ABŞ, Latviya, Belarus, Polşa, Qazaxıstanın ölkəmizdəki səfirləri, tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
   Mərasimi giriş sözü ilə açan millət vəkili Nizami Cəfərov bildirdi ki, Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu xalq sənətinin inkişafına diqqət daha da artıb: «Belə tədbirləri təşkil etməkdə əsas məqsəd Azərbaycan xalça sənətinin dünyaya daha geniş miqyasda təqdim edilməsidir. Təəssüf ki, hələ də bəzi hallarda milli xalçalarımız dünya muzeylərində başqa adlar altında təqdim olunur. Buna görə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Azərbaycan xalçaçıları» İctimai Birliyi yaradıldı. Bu qurumun yaradılmasının əsas səbəblərindən biri Azərbaycan xalqının milli xalçaçılıq ənənələrinin qorunub saxlanmasına, inkişafına, tanınmış incəsənət xadimlərinin yaradıcılıq potensialının birləşdirilməsinə nail olmaqdır. Eyni zamanda Azərbaycan xalçaçılarının yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsinə və onların peşəkarlığının artırılmasına dəstək vermək də birliyin məqsədlərindən biridir».
   Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İrqaşev bildirdi ki, azərbaycanlı və özbək sənətkarlarının qarşılıqlı əməkdaşlığı hər iki xalqın xeyrinədir: «Çünki xalqlarımızın kökü birdir, bizi bir çox ortaq dəyərlər birləşdirir. Dövlətlər arasında bu dostluq əlaqələri, mədəniyyətlərarası dialoq müxtəlif konfranslar, sərgilər və s. tədbirlər vasitəsilə daha da genişlənir».
   Sonra tədbir iştirakçıları «Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik» adlı sərgiyə tamaşa etdilər. Sərgidə Özbəkistan mədəniyyətinin toxuculuq, bədii tikmə, keramika, ağac üzərində oyma, milli geyim, zərgərlik və s. sənət nümunələri nümayiş etdirilir. Beynəlxalq sərgi və müsabiqələrin laureatları olan Mədinə Qasımbəyovanın tikmələri, Şoransul Şoəhmədovun lakla miniatürləri, Husan Musacanovun ağac üzərində oyma işlərinə tamaşa etdikcə hər iki xalqın mədəniyyətində oxşar xüsusiyyətlər bir daha nəzərə çarpır.
   Bundan əlavə, sərgidə milli üslubda bəzədilmiş gəlinciklər, rəngarəng saplarla, müxtəlif texnikalarla işlənmiş araqçınlar, qobelenlər, müxtəlif sənətkarlıq məktəblərinin xüsusiyyətlərini əks etdirən saxsı qablar - ləyənlər, nimçələr, fincanlar nümayiş etdirilirdi. «Sənət etüdləri» silsiləsindən olan foto işləri isə özbək sənətkarlığını özündə əks etdirirdi.
   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva qəzetimizə açıqlamasında bildirdi ki, bu sərgi Azərbaycan və Özbəkistan respublikaları arasında qarşılıqlı mədəni əlaqələr çərçivəsində atılan ilk addımdır: «Bu tədbirlər silsilə şəklində il ərzində davam edəcək. İlin sonuna qədər Xalq rəssamı Tahir Salahovun əsərləri əsasında toxunmuş xalçalardan ibarət sərgi Daşkənddə, özbək qadın rəssamlarının əsərlərindən ibarət sərgi Bakıda, Azərbaycan xalq tətbiqi sənəti ustalarının sərgisi Daşkənddə və Özbəkistanın Xalq rəssamı Akmal Nurun Bakıda fərdi sərgisi təşkil ediləcək».
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar