Martın 30-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) məşhur müğənni, teatr və kino artisti, SSRİ Xalq artisti Klavdiya Şuljenkonun xatirə gecəsi keçirilib. Bu il böyük müğənninin anadan olmasının 105-ci ildönümü qeyd edilir.
Gecənin aparıcısı Aleksandra Nikuşina qonaqlara K.Şuljenkonun həyat və yaradıcılığından söz açıb.
Klavdiya İvanovna Şuljenko 1906-cı il martın 24-də anadan olub. Yaradıcılıq yoluna Xarkov Dram Teatrında başlayıb, sonralar ecazkar səsi ilə milyonlarla insanın qəlbini fəth edib. 1984-cü ildə vəfat edib.
Gecədə K.Şuljenkonun həyat və yaradıcılığından bəhs edən videoçarx və sonuncu konsertlərinin birindən epizod nümayiş etdirilib. RİMM-in direktoru Ənvər Şeyxov K.Şuljenkonun qeyri-adi musiqi istedadı ilə yanaşı, parlaq aktyorluq məharətini vurğulayıb.
Musiqili Komediya Teatrının solisti Yuliya Sidorova, Milli Konservatoriyanın müəllimi, “Rus” vokal-instrumental duetinin iştirakçısı Natalya Turovskaya K.Şuljenkonun repertuarından mahnılar ifa ediblər.