Martın 31-də V.Səmədova adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə nazirliyin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri də elan olundu. 
      
   Tədbiri giriş sözü ilə açan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov 1918-ci il martın 31-də azərbaycanlıların məruz qaldığı soyqırımı hadisəsinin xalqımızın qan yaddaşında silinməz izlər qoyduğunu, bu faciənin heç zaman unudulmayacağını bildirdi. “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinə rəssamlar arasında böyük maraq göstərildiyini deyən F.Xəlilov Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən belə müsabiqələrin əhəmiyyətindən danışdı: “Bu çox yaxşı təcrübədir. İnanırıq ki, belə müsabiqələr davamlı olaraq hər il keçiriləcək. Növbəti ilə bu sərgi-müsabiqəni daha geniş şəkildə təşkil etməyi planlaşdırırıq. Növbəti ildən qiymətləndirilmə ancaq yeni əsərlər üzərində aparılacaq”.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev azərbaycanlılara qarşı soyqırımı siyasətinin təkcə Xocalıda, o cümlədən 1918-ci ildə törədilmiş faciələrlə məhdudlaşmadığını, bu məkrli siyasətin zaman-zaman davam etdirildiyini bildirdi. Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika müsabiqəsinin nəticələrindən də danışan nazir müavini bildirdi ki, hər il belə tədbirlərin təşkili nəzərdə tutulur: “Rəssamlar İttifaqı ilə birgə müsabiqə şərtləri hazırlamışıq. Bu müsabiqəyə 125-dən çox rəssamın 150-dək əsəri təqdim olunub. Onların arasında yeni əsərlər də var, ötən illərdə çəkilənlər də. Son qiymətləndirmə aparıldı və münsiflər heyəti tərəfindən belə qərara gəlindi ki, bu il I yer heç kimə verilməsin. Müxtəlif nominasiyalar üzrə 35 rəssam II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülüb”.
   Nazir müavini onu da əlavə etdi ki, bu il, habelə növbəti illərdə sərgi-müsabiqədə yer alan rəsmlərin əks olunduğu kataloqlar çap olunacaq. O, növbəti müsabiqələrdə də faciələrimizə həsr olunmuş, tariximizi özündə yaşadan yeni maraqlı əsərlər yaranacağına, növbəti müsabiqələrin daha geniş təşkil olunacağına əminliyini bildirdi.
   Sonra dörd nominasiya - rəsm və boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqənin qaliblərinin adları açıqlandı. Xatırladaq ki, müsabiqəyə 2011-ci il fevral ayının 25-də start verilmişdi.
   
   Ceyhun Zərbəliyev