Cahangir Səlimxanov,
kulturoloq, Avropa Mədəniyyət Paytaxtları
Parlamentinin üzvü
- Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, əlbəttə ki, indiyədək ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslərin, görülən işlərin məntiqi nəticəsidir. Eyni zamanda, ümid edirik ki, Bakı Forumu və bundan sonra mədəniyyətlərarası dialoq mövzusunda keçiriləcək forumlar daha maraqlı tədbirlərin təməl daşı olacaq. Əslində, demək olar ki, ümumi müddəalar eynidir. Yəni bu gün dünyada hamı başa düşür ki, mədəniyyətlərarası dialoq vacibdir. Bunsuz müasir cəmiyyətin inkişafı mümkün deyil. Bunun metod və formalarının tapılması, ən müvəffəqiyyətli misalların bütün dünyaya yayılması və təkrar olunması, əlbəttə ki, çox vacib bir işdir. Mən istərdim ki, belə bir böyük tədbir, nazirlərin görüşləri və dünyanın aparıcı təşkilatlarının görüşləri ilə yanaşı, bu sahədə işlək bir mərkəz olsun. Bu mərkəz bütün müsbət təcrübənin, cərəyanların Azərbaycanda yayılmasını həyata keçirsin.