Zəlimxan Yaqub: “Bu sənəti seçən insan yüksək səhnə, ifaçılıq, söz və yaddaş mədəniyyətinə malik olmalıdır”
   
   Aprelin 6-da Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin iclası oldu. Tədbirdə idarə heyətinin üzvləri ilə yanaşı, folklorşünas alimlər, ustad aşıqlar və gənclər müasir aşıq sənəti mövzusu ətrafında öz fikir, irad və təkliflərini bildirdilər.
      
   Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub tədbiri açaraq son illər ölkəmizdə aşıq sənətinə diqqətin artığını müsbət hal kimi dəyərləndirdi, görülən işlərdən və müasir aşıq sənətində qarşıya çıxan problemlərdən danışdı.
   Aşıq sənətinin qızıl dövrünü yaradan sənətkarlardan danışan Xalq şairi “Bu gün biz nə etməliyik ki, aşıq sənətinin keçmiş şöhrətini yenidən özünə qaytaraq? Bunun üçün ilk növbədə aşıq sənətinə böyük həvəsi olan istedadlı gəncləri aşkar edib üzə çıxarmalıyıq”, - dedi. Qeyd olundu ki, beynəlxalq festivallara göndərmək üçün gənc istedadlara böyük ehtiyac var: “Bu istedadları üzə çıxarmaq üçün axtarışlar aparırıq. Bütün rayonların mədəniyyət şöbələrinin rəhbərləri ilə, eyni zamanda, bu sahənin həvəskarları ilə əlaqə saxlayırıq. Bu istedadları tapmaq üçün xalq özü də bizə kömək etməlidir”. Z.Yaqub son vaxtlar bölgələrdə yaşayan 15 istedadlı gəncin birliyə cəlb olunduğunu dedi. Tədbirdə beş nəfər istedadlı gəncə Azərbaycan Aşıqlar Birliyinin vəsiqəsi təqdim olundu.
   Aşıqlar Birliyinin sədri ömrünü aşıq sənətinə bağlayan gənclərə öz tövsiyələrini də bildirdi: “Bu sənəti seçən insan yüksək səhnə mədəniyyətinə, ifaçılıq mədəniyyətinə, söz mədəniyyətinə və yaddaş mədəniyyətinə malik olmalıdır. Üç qoşma, iki hava bilməklə meydana çıxmaq olmaz”.
   Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Azərbaycanda solo saz ifaçılığına daha çox meyl olduğunu müsbət hal kimi dəyərləndirmədi: “Aşıqlıq böyük bir elm, böyük bir ümmandır. Burada müdriklik, aktyorluq, şairlik, bəstəçilik var. Gənclərə tövsiyəm budur ki, saz çalmaqla bərabər, aşıqlığın digər komponentlərini də öyrənsinlər”.
   Tədbirdə müasir aşıq sənətinin problemləri geniş şəkildə müzakirə olundu.
   
   Təranə Vahid 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar