Dünya Forumu çərçivəsində beynəlxalq konfrans keçirilir
   
   Aprelin 7-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Biznes Mərkəzində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başladı. 
   
   Tədbirdə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən filosoflar, alimlər iştirak edirlər. Konfransın ilk plenar iclasında Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və Belarus alimləri məruzələrlə çıxış etdilər.
   Konfransı açıq elan edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə Dünya Forumunun Bakıda keçirilməsini müsbət hal kimi dəyərləndirdi. Onun sözlərinə görə, konfransın məqsədi qloballaşan dünyada mədəniyyətlərinin müxtəlifliyinin qorunub saxlanmasında dialoqun rolunu araşdırmaq və onun fəlsəfəsini hazırlamaqdır. Qeyd olundu ki, tədbir çərçivəsində həmçinin elmin, mədəniyyətlərin və texnologiyaların mədəniyyətlərarası dialoqun inkişafına təsiri ilə bağlı müzakirələr apılacaq.
   Rusiya Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru Əbdülsalam Hüseynov çıxışında mədəniyyətlərarası dialoqda fəlsəfənin imkanlarını təhlil etdi: “Mədəniyyətlərarası dialoqun özünün fəlsəfi anlamı var. Mən mədəniyyətdə fəlsəfənin rolunu müvəqqəti, keçici, adlandırardım, onun rolunu isə inteqrasiya rolu kimi qiymətləndirirəm. Məhz belə bir durum fəlsəfənin üzərinə xüsusi bir məsuliyyət qoyur. Xüsusilə də onun mədəniyyətlər arasında mümkün dialoqlara imkan və rəvac verməsindən bəhs edir”.
   Türkiyənin Vatikandakı səfiri, professor Doktor Kənan Gürsoy “Qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyi və birgəyaşayış etikası” mövzusunda məruzə etdi. Belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən natiq tədbirin mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə əminliyini bildirdi: “Azərbaycan da Türkiyə kimi bir çox mədəniyyətlərin qovuşduğu ölkədir. Bu forumun Azərbaycanda keçirilməsindən məmnunuq. Musiqi, incəsənət, ədəbiyyat sahəsində əldə etdiyi uğurlara görə Azərbaycan bütün dünyada tanınır. Fikrimcə, bu dialoq davamlı olaraq keçirilməlidir. Çünki biz digər mədəniyyətlərlə əlaqədə öz mədəniyyətimizin fərqinə daha çox varırıq”.
   Daha sonra mövzu ətrafında məruzələr dinlənildi. Qazaxıstanın Təhsil və Elm Nazirliyi Fəlsəfə və Politologiya İnstitutunun direktoru Əbdülnatiq Nısanbayev “Qarşılıqlı anlaşma konseptinin mədəniyyətlərarası dialoq məkanında məna və əhəmiyyəti”, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov “Sivilizasiya, mədəniyyət, mənəviyyat: eyniyyət və fərq məqamları”, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Anatoli Lazareviç “Qlobal kommunikasiya və milli-mədəni identiklik”, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov “Qlobal dünyada dialoqun mədəniyyət-sivilizasiya aspekti”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Fəlsəfə və İctimai Fikir Tarixi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə “İslam regionu fəlsəfəsi qloballaşma dövrünün mədəniyyətlərarası dialoqu kontekstində” mövzularında məruzə etdilər.
   Qeyd edək ki, konfrans aprelin 8-də işini davam etdirəcək. Konfrans çərçivəsində “Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq və dialoq axtarışlarında” mövzusunda dəyirmi masa da təşkil ediləcək. Tədbirdə qloballaşma və identiklik arasında dialoq axtarışları, Şərq və Qərb arasında dialoq, Mədəniyyət və din, dini və dünyəvi təhsil və digər mövzularda bir sıra məsələlər müzakirə olunacaq.
   “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda konfransa aprelin 9-da yekun vurulacaq. Həmin gün Avropa və Asiya Fəlsəfə İnstitutları Beynəlxalq Assosiasiyası direktorlarının xüsusi iclası da keçiriləcək. Sonda konfransa dair qətnamə qəbul ediləcək.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar