Prezident İlham Əliyev: “Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib”
      
   Aprelin 7-də Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başladı. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədiyi Forum mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. 
      
   Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə mövzusudur. Dünyanın beş qitəsinin 80-dən çox ölkəsinin təmsil olunduğu beynəlxalq forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar və diplomatlar, merlər və digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, QHT, media mənsubları, mədəniyyət ekspertləri və tanınmış ziyalılar - 400-dən çox qonaq iştirak edir.
   “Euronews” telekanalı media tərəfdaşı kimi öz yayım şəbəkələri ilə Dünya Forumunu təşviq edəcək.
   Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak etdilər.
   Forum Azərbaycana həsr olunmuş videofilmin nümayişi ilə başladı.
   “Sərhədsiz dünyaya doğru” adlı açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev iştirakçıları salamlayaraq bu beynəlxalq toplantının Bakıda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini dedi. Prezident bu forumun çox müsbət nəticələrinin olacağına və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirdi.
   “Bakı prosesinin təməli 2008-ci ildə Bakıda Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında qoyulub”, - deyən İlham Əliyev həmin tədbirin sonunda Bakı Bəyannaməsinin qəbul olunduğunu xatırlatdı. Azərbaycan prezidenti 2009-cu ildə paytaxtımızın növbəti mötəbər tədbirə, İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakı toplantısına ev sahibliyi etdiyini vurğuladı. 2010-cu ildə isə Azərbaycan paytaxtında böyük əhəmiyyətə malik olan Dünya Dini Liderlərinin Zirvə görüşü keçirilib.
   Bu ilin payızında Azərbaycanda Birinci Beynəlxalq Humanitar Forumun keçiriləcəyini deyən prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz belə tədbirlərin reallaşması üçün ənənəvi məkana çevrilib. Dövlət başçısı əsrlər boyu Azərbaycanda bütün dinlərin və xalqların bir ailə kimi yaşadığını, milli və dini zəmində heç bir qarşıdurmaların olmadığını qeyd edərək dedi:
   - Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır. Bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amilindən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, eyni zamanda, dövlət siyasətimiz bu sahədə birmənalıdır.
   Prezident İlham Əliyev bundan sonra da Azərbaycanda milli zəmində dözümlülük məsələlərinin uğurla həllini tapacağına şübhə etmədiyini dedi, ölkəmizdə yaradılan bu nadir təcrübənin digər ölkələr tərəfindən öyrənilməsinin vacibliyini vurğuladı. Prezident Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirdi.
   Dövlət başçısı 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edildiyini xatırladaraq, 2018-ci ildə bu şərəfli ada Azərbaycanın qədim şəhəri olan Naxçıvanın layiq görüldüyünü bildirdi. Prezident, eyni zamanda, ölkəmizin bütün dövrlərdə Qərb dünyasına bağlılığından da danışdı. Diqqətə çatdırdı ki, müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb. Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə Azərbaycanda təmin edilib. İlk opera bizim ölkədə səhnəyə qoyulub. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Konfransı Təşkilatının üzvüdür və təsadüfi deyil ki, məhz Azərbaycan mədəniyyətlərarası dialoqun keçirilməsi üçün mərkəzə çevrilib.
   Prezident Azərbaycanın 20 ildir ki, müstəqil yaşadığını, ölkəmizdə quruculuq prosesinin, siyasi-iqtisadi islahatların uğurla aparıldığını, qonşularla çox gözəl, səmimi münasibətlərin qurulduğunu bildirdi.
   “Bu gün Azərbaycanda hökm sürən sabitlik və müşahidə edilən iqtisadi inkişaf ölkəmizi gücləndirir”, - deyən dövlətimizin başçısı qeyd etdi ki, iqtisadiyyatdakı uğurlar, insanların yaşayış səviyyəsinin artması, ölkədə qlobal infrastruktur layihələrinin reallaşması, cəmiyyətdə mövcud olan ab-hava bizi daha da gücləndirir. Gücümüzün milli və dini müxtəliflikdə olduğunu deyən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirdi:
   - Torpaqlarımız hələ də işğal altındadır. Beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını işğal altında saxlayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Baxmayaraq ki, orada göstərilib ki, Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır. İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT oxşar qətnamə və qərarlar qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, hələ də işğal davam edir. Biz ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.
   Dövlətimizin başçısı bir daha vurğuladı ki, sabit ölkə olan Azərbaycan iqtisadi cəhətdən tam şəkildə öz daxili resurslarına arxalanır. Siyasi cəhətdən inkişaf yolunu seçən ölkəmizdə güclü ənənələr üzərində müasir dünyəvi dövlət qurulmuşdur.
   Sonda Prezident İlham Əliyev bir daha Forumun işinə uğurlar arzuladı.
   Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyindən şərəf duyduğunu dedi. Vurğuladı ki, toplantıda prezident İlham Əliyevin iştirakı Azərbaycanın mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirir. Avropa Şurası Parlament Assambleyasının sədri mədəniyyətlərarası dialoq sahəsində bu tədbirin böyük əhəmiyyəti olduğunu qeyd etdi. Bildirdi ki, Avropa Şurası bütün üzv ölkələri ümumi dəyərlər və prinsiplər əsasında birləşdirir. “Uğura aparan yol müxtəlifliyə əsaslanan birlikdir”, - deyən M.Çavuşoğlu bildirdi ki, yalnız ümumi dəyərlər əsasında irəliyə doğru addımlar atılmalıdır. Avropa Şurası Parlament Assambleyasının sədri vurğuladı ki, bu ilin iyununda Parlament Assambleyasında maraqlı debatlar keçiriləcəkdir. Bu debatlar mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar açacaq.
   İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Forumun yüksək səviyyədə təşkilinə və bütövlükdə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələrə görə prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, mədəniyyətlərarası dialoq bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biridir. Çünki bu formatda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır. İSESCO-nun baş direktoru 2001-ci ildə BMT Baş Məclisində başlanan və Azərbaycan tərəfindən daha çox dəstəklənən bu prosesin real nəticələrinin tədricən özünü göstərdiyini dedi.
   UNESCO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D’Orvil qurumun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına təbrik məktubunu oxudu. Qeyd etdi ki, bu Forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır. Hans D’Orvil mədəniyyətlərarası dialoqun UNESCO-nun fəaliyyətinin də əsasını təşkil etdiyini bildirdi. Prosesdə əsas ideyaların gerçəkləşdirilməsini, müharibə və bəşəriyyət üçün digər təhlükələrin aradan qaldırılmasının vacibliyini deyən Hans D’Orvil bildirdi ki, mədəniyyətlərarası dialoq universal xarakter daşıdığına görə, bu proses həm də sülhün, mədəni anlaşmanın, yoxsulluğun aradan qaldırılmasının hərəkətverici amilidir.
   BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuver belə Forumların ədalətli və bərabər cəmiyyətlərin qurulması təcrübəsini təşviq etməkdə böyük əhəmiyyəti olduğunu söylədi. Bu baxımdan Bakının artıq mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini diqqətə çatdıran qonaq, buna görə Azərbaycan prezidentinə təşəkkürünü bildirdi.
   Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron bu tədbirin məhz Azərbaycanda keçirilməsindən çox məmnun olduğunu vurğuladı. Qonaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini qeyd etdi. Jan Pol Karteron mədəniyyətlərarası əməkdaşlığın qurulma formaları barədə düşünməyin vacibliyini vurğuladı. Bildirdi ki, bu sahədə fəal rol oynayan Azərbaycan irəlidə gedir və biz bu səylərə dəstək göstərməliyik.
   Sonda Forum iştirakçıları xatirə şəkli çəkdirdilər.
   Forum sessiya, konfrans və seminarlarla işini davam etdirdi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar