Aprelin 15-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov yubiley tədbirində iştirak edib.
   
   İslam Səfərli yaradıcılığının tədqiqatçısı, akademik İsa Həbibbəyli ədibin həyat və yaradıcılıq yolu barədə məlumat verib. Qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli öz yaradıcılığında ictimai lirikanı romantik pafosdan və tərənnümçülükdən xilas edib, poeziyamızda azərbaycançılığın yayılmasına töhfələr verib: “Ədib öz əsərlərində sanki Azərbaycanın poetik xəritəsini çəkib, şeirlərində ölkəmizin əksər guşələrini vəsf edib”.
   İ.Həbibbəyli bildirib ki, İslam Səfərli Azərbaycanın zəngin poetik xəzinəsindən istifadə edərək nəğməkar şair kimi məşhur olsa da, Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi də tanınıb. XX əsrin ortalarında Azərbaycan dramaturgiyasında ictimai motivlərin, cəmiyyətdən gələn mövzuların içərisində mənəviyyat məsələlərini həll etməyə doğru addımların atıldığı bir vaxtda İ.Səfərli dram əsərləri ilə haqqı, ədaləti, mənəvi mübarizəni ön plana çəkib. Onun “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında” və digər pyesləri Azərbaycan teatrının repertuarını yeni mövzularla zənginləşdirib.
   Sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında ədibin “Göz həkimi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub.
   
   Fariz Yunisli