Aprelin 7-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs” mövzusunda ikinci sessiya keçirildi.
Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının mədəniyyət və təbii irsinin mədəniyyət direktoru Robert Palmer həmsədrlik etdilər.
Sessiyada mərakeşli yazıçı, fotoqraf, rejissor Leyla Qandi, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ruslan Abdulatipov, Misirin “Əl Mavrid Əl Təkafi” təşkilatının direktoru, xanım Basma El Hüseyni və Niderlandın “Mekano Arxitekte” qurumunun direktoru xanım Fransin Jan Huben mövzuya uyğun məruzələrlə çıxış etdilər.
Məruzəçilər bir daha Bakı Forumunun əhəmiyyətini vurğulayaraq mədəniyyətin, incəsənətin, musiqinin sərhəd tanımadığını və daim insanları birliyə, bərabərliyə, həmrəyliyə səslədiyini qeyd etdilər. Bildirildi ki, belə tədbirlər xalqlar arasında sülhün bərqərar olmasına və dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verir. Mədəniyyət insanları zənginləşdirir, mənən saflaşdırır, ruhən yaxınlaşdırır və ən əsası insanı ali, uca, saf hisslərə, amallara doğru aparır. Natiqlər təmsil etdikləri ölkələr və çalışdıqları qurumlar haqqında da geniş danışdılar. Əminliklə vurğulandı ki, Bakıda təşkil edilmiş Forum dövlətlər arasında mövcud əlaqələrin daha da genişlənməsinə yardımçı olacaq. Bu baxımdan yeni layihələrin hazırlanması, tədbirlərin təşkili, görüşlərin keçirilməsi olduqca vacibdir.
Məruzələrdən sonra çıxışlar oldu. TÜRKSOY-un baş direktoru Düsen Kaseinov Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu dilə gətirərək dedi ki, bu forum ölkələr arasında sülh və dostluğa bir çağırışdır. Sessiyada həmçinin Türkiyənin mədəniyyət və turizm nazirinin müavini xanım Şenay Başer, Latviyanın mədəniyyət naziri xanım Sarmite Elerte, Bolqarıstanın mədəniyyət naziri Vejdi Raşidov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov və başqaları çıxış etdilər.