Aprelin 21-də Bakı Dövlət Universitetində yazıçı-jurnalist, alim, Azərbaycanda Jurnalistika fakültəsinin yaradıcılarından biri və ilk dekanı professor Nurəddin Babayevin (1921-1991) 90 illik yubileyi keçirildi. Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Nurəddin Babayevin pedaqoji fəaliyyəti haqda danışdı. Qeyd olundu ki, 1969-cu ildə universitetdə ayrıca jurnalistika fakültəsinin yaradılmasında Nurəddin Babayevin böyük xidmətləri olub.
   BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə alim və pedaqoqun publisistik fəaliyyətindən söhbət açdı: “Nurəddin Babayev bədii əsərlərin, publisistik yazıların müəllifi olmaqla yanaşı jurnalistika sahəsində ilk dərslik xarakterli kitab tərtib edən alimlərdən idi. O, ikicildli “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biri olub.
   Tədbirdə jurnalistika fakültəsinin tələbə-müəllim heyəti, N.Babayevin ailə üzvləri iştirak edirdilər.
   Qeyd edək ki, N.Babayev bir sıra ədəbi əsərlərin, “Ürəklər bir olanda”, “Oğluma məktublar”, “Qızlar, sözüm sizədir”, “Ulduzlar sönmür”, “Gəlin kişilikdən danışaq” və s. kitabların müəllifidir. Onun Azərbaycanın müxtəlif qəzet və jurnallarında 1500-ə qədər oçerk və publisistik məqalələri çap olunub. N.Babayev həmçinin “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib, elmi-sənədli filmlərin ssenari müəllifi olub.

   Reyhan