Aprelin 28-də Bakıda işə başlayan X Azərbaycan beynəlxalq turizm və səyahətlər («AİTF-2011») və II Ümumrespublika daxili turizm sərgiləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mühüm görüşlər keçirdi. 
      
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasıyla Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” şirkəti (Dubay) arasında “Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalandı. Sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və «Atlantes Holadeys» şirkətinin İdarə Heyətinin sədri Rəşid əl Nuri imzaladı.
   Müqavilə Fars (Ərəb) körfəzi ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməyə stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz əməkdaşlıq ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, media ilə iş sayəsində Azərbaycanın brend mövqeyini möhkəmlədərək maraq və məlumatlılığı artırmaq kimi məsələləri əhatə edir.
   Nazir Ə.Qarayev bildirdi ki, Azərbaycan üçün turizm baxımından bir neçə ölkə və region xüsusi maraq kəsb edir. Fars körfəzi ölkələri, o cümlədən Dubay Əmirliyi prioritet təşkil edən ölkələr sırasındadır: «Sərgilərdə iştirakın və qarşılıqlı infoturlar təşkil etməyin effektini gördükdən sonra biz belə qərara gəldik ki, əməkdaşlığımızı və tanıtım tədbirlərimizi daha da sıxlaşdıraq. Bu baxımdan hesab edirik ki, Azərbaycanın Dubayda turizm üzrə təmsilçiliyinin yaradılmasına ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Dubayın «Atlantes Holadeys» şirkəti arasında əməkdaşlıq sazişi bu istiqamətdə işlərə zəmin olacaq. «Atlantes Holadeys» şirkəti Dubayda Azərbaycanın turizm imkanlarının tanıtdırılması istiqamətində təbliğatla məşğul olacaq. Gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Bu ilin payızında «Atlantes Holadeys» şirkəti gördüyü işlərlə bağlı Azərbaycan ictimaiyyəti üçün geniş təqdimat edəcək».
   «Atlantes Holadeys» şirkətinin İdarə Heyətinin sədri Rəşid əl Nuri bildirdi ki, Azərbaycanın Dubayda turizm imkanlarının tanıtdırılması işinin onun rəhbərlik etdiyi şirkətə həvalə edilməsindən məmnundur. Onun sözlərinə görə, Azərbaycan da Dubay üçün maraqlı turizm istiqamətidir: «Dubay azərbaycanlıların sevimli istirahət məkanıdır. Turizm sənayesində ən çətin iş hər hansı bir ölkənin potensialını insanlara tanıtdırmaqdır. Çalışacağıq ki, Azərbaycanı maraqlı bir turizm ölkəsi olaraq təkcə Dubayda deyil, həm də körfəz ölkələrində layiqincə tanıtdıraq. İmzalanan bu sənəd ölkələrimiz arasında münasibətləri daha da yaxınlaşdıracaq».