Cabbar Qaryağdıoğlu - 150
   
   Mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində milli xanəndəlik sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlunun (1861-1944) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə muzeyin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, mədəni ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
   
   Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru Zemfira Səfərova Cabbar Qaryağdıoğluna həsr etdiyi “Şərq musiqisinin peyğəmbəri” kitabı haqqında məlumat verdi.
   Yubiley tədbirində çıxış edən Xalq artisti Canəli Əkbərov, professor Ənvər Əhməd və başqaları C.Qaryağdıoğlunun Azərbaycan muğam sənətinin inkişafında əvəzsiz xidmətlərindən və pedaqoji fəaliyyətindən danışdılar. Bildirildi ki, C.Qaryağdıoğlu ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyərək Azərbaycanın xanəndəlik sənətini yaşatmağa həsr edib. Müasirləri onu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırmışlar. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir.
   Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Xalq artisti Qəndab Quliyeva, Əməkdar artistlər Gülüstan Əliyeva, Səbuhi İbayev, Nuriyyə Hüseynova, xanəndələr Qəzənfər Abbasov, Məhərrəm Həsənov və başqalarının ifasında konsert proqramı təqdim edildi. Tədbirdə həmçinin Cabbar Qaryağdıoğlunun ömür və sənət yolundan bəhs edən videofilm göstərildi, görkəmli sənətkarın səsi yazılmış diskdə “Heyratı” ritmik muğamı səsləndirildi.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar