Mayın 14-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi və «Azərbaycan xalçaçıları» İctimai Birliyi tərəfindən «Ustadlar sənət ocağında» adlı tədbir keçirildi. «Muzeylər gecəsi» beynəlxalq aksiyası çərçivəsində keçirilən tədbir görkəmli xalçaçı rəssamlar Lətif Kərimovun 105, Kamil Əliyev və Qulam Babainin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə Lətif Kərimovun «Ağaclı», «Kətəbəbli», «Əcəmi», «Xətai», «Şəbi-hicran», «İkinci bahar», «Səfiəddin Urməvi» və s. xalçaları, Kamil Əliyevin «İndira Qandi», «Nəsimi», «Butalı», «Qızıl buta» və s. xalçaları nümayiş olundu. Həmçinin ağac-oyma ustası xəttat Vüqar Məmmədovun əl işləri nümayiş etdirildi.
Qonaqlar L.Kərimova həsr edilmiş sənədli filmi və «Azərbaycan xalçaçıları» İctimai Birliyi tərəfindən L.Kərimov, K.Əliyev, Q.Babaiyə həsr olunmuş slayd-şounu izlədilər. Muzeyin uşaq teatrının ifasında «Vərni» tamaşası, uşaq ansamblının ifasında «Türk təsəvvüf musiqisi» səsləndi. Tədbirdə çıxış edən xalçaçı rəssam Tariyel Bəşirov Lətif Kərimovun yaradıcılığından, «Azərxalça» İstehsalat Birliyinin sədri Əlsafa Nuriyev isə Kamil Əliyevin sənətinin özəlliklərindən danışdı.
Gülər