Vaqif İbrahimoğlu isə Azərbaycan teatrına yaratdığı sənət ocağını - “Yuğ” teatrını yadigar qoyub getdi
   
   Xəbər verildiyi kimi, mayın 12-də Azərbaycan teatr sənətinin parlaq simalarından biri, tanınmış rejissor, “Yuğ” teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib. 
      
   Mayın 13-də Aktyor Evində sənətkarla vida mərasimi keçirildi.
   Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq bütün şüurlu həyatını, fəaliyyətini Azərbaycan teatr sənətinin inkişafına, təbliğ olunmasına, dünyada tanıdılmasına həsr edən Vaqif İbrahimoğlunun keçdiyi sənət yoluna nəzər saldı.
   
   “Zaman Vaqiflə dostluq edəcək”
   
   Teatr İnstitutunda görkəmli rejissor Tofiq Kazımovun sinfini uğurla başa vuran Vaqif İbrahimoğlu sənətdə ilk addımlarını Gənc Tamaşaçılar Teatrında atsa da, qısa zaman kəsiyindən sonra arzu və ideyaları bu teatrın səhnəsinə sığmadı, Teatr Xadimləri İttifaqının nəzdində ilk dəfə olaraq Eksperimental studiya yaratdı. O illərdə nəinki Azərbaycanda, keçmiş sovetlər məkanında belə studiyalar barmaqla sayılacaq qədər az idi. Belə bir studiyanı yaratmaq mənəvi gücü və böyük ideyası olan rejissorlara qismət olurdu. Vaqif özündə bu gücü hiss edirdi. Daha sonra İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərən Tədris Teatrına bədii rəhbər təyin olunanda Vaqif İbrahimoğlu Azərbaycana səs-səda salan bir xeyli tamaşalarla sənət bioqrafiyasını zənginləşdirməklə yanaşı, həm də Azərbaycan teatr salnaməsinə yeni adlar yazdı. Neçə-neçə aktyor həmin teatrda ilk addımlarını atdı. Bunun ardınca Musiqili Komediya Teatrında baş rejissor fəaliyyətini davam etdirdi. Türkiyədə ilk dəfə olaraq azərbaycanlı rejissor kimi bir-birinin ardınca səhnə əsərlərinə quruluş verən də Vaqif İbrahimoğlu oldu.
   Ədalət Vəliyev qurmaq, yaratmaq eşqi ilə “qaynayan” Vaqif İbrahimoğlu ilə 80-ci illərin əvvəlində olan söhbətlərini xatırladı:
   - Teatrın idarə olunması, səhnə amirlik sistemi, teatrın gələcəyi, Azərbaycan teatrının söykənə biləcəyi məqamlarla bağlı Vaqiflə saatlarla, günlərlə davamlı söhbətlərimiz olurdu. 80-ci illərin ikinci yarısında Vaqif İbrahimoğlu uzun illər içərisində gəzdirdiyi öz müəllif teatrını yaratmaq ideyasını həyata keçirmək üçün gərgin axtarışlar edirdi. 1989-cu ildə Milli Akademik Dram Teatrının o dövrkü direktoru, böyük sənətkar Həsənağa Turabovun xeyir-duası, razılığı, yaxından köməyi ilə bu teatrın nəzdində Vaqif özünün teatr studiyasını yaratdı. Bu gün artıq “Yuğ” teatrı kimi formalaşmış, 20 ildən artıq fəaliyyətdə olan teatrın əsası Milli Akademik Dram Teatrının kiçik səhnəsində qoyuldu. Vaqif belə bir dövrdə heç bir teatra bənzəməyən, öz yolu, öz xətti olan bir teatrı yaradırdı, formalaşdırırdı. Sonralar dövlət statusu alan bu teatr bu gün artıq Azərbaycan teatrına onlarla aktyor və rejissor vermiş bir məktəbə çevrilib.
   Dünyada avanqard teatrlar, studiyalar, cürbəcür teatr laboratoriyaları çoxdur, bunlar zaman-zaman yaranır, birləşir, dağılır, məhv olur. Amma Vaqif İbrahimoğlu yuğlama ilə özünü büruzə verən, ağlayaraq, gülərək təmizlənən böyük nəzəriyyəyə söykənən yeni bir teatr yaratdı. Bu teatr birmənalı qarşılanmadı. Öncə başa düşülmədi, tənqid də olundu, amma teatr axsamadı, çökmədi. Öz yolundan sapmadan irəlilədi. Azərbaycanın çox istedadlı insanları - dramaturqlar, qələm sahibləri bu teatrla ünsiyyət qurdular. Bu teatra çoxlu sayda xarici qonaqlar, rejissorlar gəldilər. Çoxlu sayda tələbələr ilk addımlarını burada atdılar. Artıq bu gün finaldır, Vaqif yoxdur. Bəlkə bu gün isti-isti Vaqifin yoxluğu bir fiziki yoxluq kimi qəbul olunur, amma hesab edirəm ki, zaman Vaqiflə dostluq edəcək, güman edirəm ki, zaman Vaqifin xeyrinə işləyəcək. 62 il ömür yaşasa da, neçə 60 illər Vaqifi onun qurduğu, yaratdığı, həyata keçirdiyi tamaşalarla yaşadacaq.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə, yaxınlarına, sənət dostlarına dərin hüznlə başsağlığı verdi.
   Vida mərasimində Vaqif İbrahimoğlunun tələbə yoldaşları, dostları da öz ürək sözlərini söylədilər.
   
   “Vaqif sonuncu məşqini, sonuncu dərsini keçir”
   
   Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemət göz yaşlarını saxlaya bilmədi: “Mən bu gün sənət qardaşımı itirdim. Biz hələ anlamırıq ki, necə böyük sənətkarı, insanı itirmişik. Vaqif Azərbaycan teatr sənətində silinməz izlər qoyub. Vaqif İbrahimoğlu Azərbaycan teatr sənətinin çox düşüncəli, çox idraklı, qeyri-adi bir nümayəndəsi kimi qeyri-adi bir teatr yaratmağa da nail oldu”.
   “Vaqif sonuncu məşqini, sonuncu dərsini keçir”, - deyən Azər Paşa Nemət Vaqif İbrahimoğlunun ağır anlarında dərdlərinə şərik olan, ona dəstək verən Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.
   
   “Balaca “Yuğ” teatrı böyük bir dünya idi”
   
   Vaqif İbrahimoğlunun gənclik, tələbəlik dostu, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə nə qədər çətin olsa da, vida sözlərini ifadə etdi: “Həmişəki kimi yenə də Vaqifin ətrafına insanlar toplaşıb. Onu heç vaxt tək görməmişəm. O balaca “Yuğ” teatrı elə bil ki, böyük bir dünya idi. Əslində ən seçmə, ən sayılan Azərbaycan ziyalıları mütləq ora baş çəkirdilər. Vaqif orada hər axşam bir zəka ziyafəti, bir intellekt ziyafəti verirdi. “Yuğ” teatrı dünyada çox nadir rast gəlinən bir ruh məkanıdır. Son 5-6 ayda o çox ağır xəstəliyə düçar olsa da, Vaqif o, xəstəlikdən öz ruhunu qoruya bildi. Ruhu təslim olmadı” .
   Məryəm xanım qeyd etdi ki, Vaqif İbrahimoğlu özünü çox xoşbəxt insan sayırdı. O, xoşbəxt idi. Çünki həyatının ən ağır mərhələsində də, o sonsuz sevgi ilə, dost istisi ilə əhatə olundu. “Mənim bu qədər dostlarım var, mən xoşbəxtəm, mənim üçün narahat olmayın. Mən həyatda qarşıma nə məqsəd qoydumsa, istər sənətkar, istər insan kimi ona yetə bildim” - deyirdi Vaqif İbrahimoğlu.
   Məryəm xanım Vaqif İbrahimoğlunun sənət yoluna da nəzər saldı.
   - 70-80-ci illərdə Azərbaycanda teatr avanqardı yarandı. Teatr avanqardının ən görkəmli nümayəndələrindən biri Vaqif İbrahimoğlu idi. 90-cı illərin əvvəlində Azərbaycan xalqı müstəqillik uğurunda mübarizəyə atıldı. Vaqifin qurduğu tamaşalar Azərbaycan vətəndaşında ictimai şüuru, milli özünüdərki oyatdı. Vaqif İbrahimoğlu bunların hamısını çox yüksək səviyyədə etdi.
   O, teatr pedaqogikasında böyük müəllim adını qazandı. Hamı ona müəllim deyirdi. Bu gün Vaqif İbrahimoğlunun bir ordu qədər tələbələri var. Onlar artıq yetişmiş rejissorlar, aktyorlardır.
   Çıxışının sonunda Məryəm xanım bildirdi ki, böyük şəxsiyyətlər ölmürlər, yalnız dünyasını dəyişirlər: “Vaqif ölmədi, o, dünyasını dəyişdi. Nə qədər ki, Azərbaycan teatrı var, Vaqif yaşayacaq, nə qədər ki, onun tələbələri, dostları var, onların ürəyində yaşayacaq, nə qədər ki, müstəqil Azərbaycan var, Vaqifin ruhu müstəqil Azərbaycanın ruhunun içərisində yaşayacaq”.  

   “Əyani bir kitabım vardı: bu gün mən onu itirdim”
   
    Xalq artisti Fəxrəddin Manafov müəllimi ilə belə vidalaşdı:
   - Mən Vaqifin tələbəsiyəm. O, mənim müəllimim olub. O, məni səhnəyə gətirdi, öyrətdi. Mənim bir çox kitablarım var, amma əyani bir kitabım vardı: bu gün mən onu itirdim”.
   
   Vaqifdən daha olmayacaq
   
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:
   - Mənə danışmaq çox çətindir, çünki Vaqifi çox istəyirdim. 30 il əvvəl bu binada mən Teatr Cəmiyyətində işləyəndə Vaqiflə ilk dəfə tanış oldum. Sonralar Vaqif öz teatrını yaratdı. O, çox böyük, çox istedadlı rejissor idi. Həm də çox istedadlı aktyor idi. Vaqif Azərbaycanda mənim tanıdığım insanlar arasında ən savadlı insanlardan biri idi. Ən nəhayət, Vaqif İbrahimoğlu çox etibarlı bir dost idi. Vaqifdən daha olmayacaq...
   
   O hələ uzun zaman yaşayacaq
   
   Milli Akademik Dram Teatrının direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov:
   - Vaqif ilk dəfə mənə “yuğ” estetikası, “yuğ” teatr ənənələri barədə danışanda hələ o teatr yox idi. Vaqif deyirdi ki, müxtəlif türkdilli xalqlar içərisində yuğ mərasimlərini keçirmək çox dəbdə olub. Hər hansı bir insan dünyasını dəyişəndə, qəbilə adamları toplaşıb o qəhrəmanın taleyini, həyatını, gördüyü əməlləri teatral şəkildə canlandırırdılar. Bu gün bir yuğ mərasimi yaratmağa bizim gücümüz yoxdur, ancaq Vaqif bunu bacarardı.
   İsrafil İsrafilov Vaqif İbrahimoğlunun Azərbaycan teatrında sayılıb-seçilən xidmətlərindən də danışdı: “Yuğ” teatrı Azərbaycan teatr məkanında elə bir yer tutdu, Azərbaycan teatr düşüncəsində elə bir zəlzələ yaratdı ki, hələ uzun müddət o dalğalar özünü göstərəcək, yeni cığırların yaranmasına imkan yaradacaq. Vaqif hələ uzun zaman yaşayacaq”.
   Qeyri-standart düşüncə tərzi, novatorluğu, nəcib insani keyfiyyətləri ilə XX əsrin sonu - XXI əsrin ilk onilliyinin böyük rejissorlarından biri kimi sənət tariximizə düşən Vaqif İbrahimoğlu, öz vəsiyyətinə əsasən, Mərdəkan qəbiristanlığında torpağa tapşırıldı. Onun işıqlı xatirəsi isə uzun illər teatr dünyasında yaşayacaq.
   “Yuğ” teatrı barədə belə bir deyim var: “İnsan burada məbəddə olduğu kimi içinə çəkilib tənhalaşır, təklənir, sükuta, Tanrıya qovuşur”. Vaqif İbrahimoğlu uzun illər idi ki, Tanrıya doğru yol gedirdi. O, Haqq dünyasındadır. Sükutla işığın birləşdiyi dünyada...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar