Mayın 25-də Avropa hotelində “Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsinin yekunlarına həsr olunmuşdu. 
   
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihə barədə məlumat verərək bildirdi ki, gender əsaslı zorakılıq bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da cəmiyyətin həssas problemlərindəndir. O, Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunduğunu qeyd etdi, bu problemin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşdüyünü dedi.
   Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə sözügedən qanunun icrası istiqamətində görülən işlərdən bəhs etdi: «Bir il əvvəl biz bu qanunu qəbul edəndə cəmiyyətin buna necə münasibət göstərəcəyini düşünürdük.
   Çünki məişət zorakılığı incə məsələdir. Biz elə bir cəmiyyət arzu edirik ki, orada məişət zorakılığı olmasın. İnsan öz hüquqlarını biləndə güclü olur. Amma əgər zorakılığa məruz qalan insan aidiyyəti orqanlara müraciət etmirsə, o halda qanun acizdir».
   Millət vəkili bu məsələ ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini də diqqətə çatdırdı: «7 televiziya kanalında yayımlanan və 18 gündəlik qəzetdə nəşr olunan materialların monitorinqinin nəticələrinə görə, ötən bir ildə bu mövzu ilə bağlı 110 televiziya proqramı və reportaj efirə verilib, 142 məqalə və məlumat xarakterli yazı çap olunub. Azərbaycan reallığında bu göstərici azdır. Bu məsələ daim gündəmdə saxlanılmalıdır. Digər yandan, bu mövzuda xəbər və məlumatların informasiya vasitələrində necə təqdim olunması, çatdırılması vacib məsələdir.
   Hazırda dünyanın aparıcı dövlətlərində informasiya-psixoloji təhlükəsizlik haqqında qanun qəbul edilir, bizdə də belə bir qanuna ehtiyac var».
   BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi və bildirdi ki, cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək üçün daha çox maarifləndirmə tədbirləri keçirilməlidir.
   Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev cəmiyyətdə sağlam təməl üzərində qurulmuş sosial münasibətlər sisteminin inkişaf etdirilməsində Azərbaycan ailəsi modelinin qorunub saxlanılmasının vacibliyini bildirdi: “Azərbaycan prezidenti ölkənin demokratik inkişaf kursu barədə danışarkən hər zaman xalqımızın milli-mənəvi dəyərlərinin özünəməxsus xüsusiyyətlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayır. Bu gün ailələrdə mənfi halların müşahidə edilməsi, xüsusilə də məişət zorakılığı kimi arzuolunmaz faktların mövcudluğu cəmiyyətimizi narahat etməyə bilməz. Bu məsələdə köhnə stereotiplərin hələ də qalması, qabaqlayıcı tədbirlərin lazımi səviyyədə aparılmaması bu problemi doğuran səbəblərindən biridir».
   Mətbuatda məişət zorakılığı ilə bağlı peşəkar jurnalist araşdırmalarının əhəmiyyətindən bəhs edən Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva isə bildirdi ki, Azərbaycan ailəsi milli-mənəvi dəyərlər sisteminə daxil olub və dövlət siyasətinin əsasını təşkil edir: “Ailə yüksək mənəvi dəyər kimi qorunmalıdır və bu gün dövlət onun qarantıdır. Məişət zorakılığı bütün dünyada bir bəladır və onunla mübarizə metodları müxtəlifdir. İlk növbədə milli adət-ənənələrimiz dərindən öyrənilməlidir. Ailə dəyərlərinin inkişaf etdirilməsi yalnız dövlətin işi deyil, həm də bütövlükdə cəmiyyətin, ictimaiyyətin və hər bir ziyalının işidir. Bu sahədə KİV-in xüsusi rolu var. Jurnalistlər yazdıqları mövzunun obyektini düzgün öyrənməli, bu sahədə psixoloji araşdırmalar aparmalıdırlar».
   Milli Məclisin deputatı Qənirə Paşayeva da məsələ ilə bağlı fikirlərini bölüşdü, jurnalistlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini qeyd etdi.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar