Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında respublikada fəaliyyət göstərən nəşriyyat, poliqrafiya müəssisəsi və kitab yayımı təşkilatları rəhbərlərinin görüşü keçirilmişdir. 60-a yaxın kitab istehsalçısının bir araya gəldiyi toplantını Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açmış, müvafiq sahədə gedən proseslərin, uğurların və problemlərin geniş mənzərəsini yaradan məruzə ilə çıxış etmişdir. 
      
   Vaqif Əliyev görüş iştirakçılarına respublikamızın son illərdə əldə etdiyi yüksək iqtisadi uğurlardan söz açmış, hazırda ölkədə kitab nəşri və yayımı işini müasir dünya standartları səviyyəsində qurmaq üçün böyük imkanlar yarandığını qeyd etmişdir. Natiq xatırlatmışdır ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə sahənin təkamülünü təmin edən mühüm addımlar atılmış, “Nəşriyyat işi” haqqında Qanun qəbul edilmiş, digər hüquqi sənədlər hazırlanmışdır.
   O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə atdığı addımları, latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsini, 150 cildlik dünya ədəbiyyatı seriyasının nəşrini, kitabxana-informasiya məkanının müasir tələblərə müvafiq yenidən qurulmasına dair dövlət proqramının mövcudluğunu, Azərbaycan kitablarının dünyanın nüfuzlu kitab sərgilərində nümayişini, Azərbaycanda iki ildən bir beynəlxalq kitab sərgisinin keçirilməsini müsbət hal kimi vurğulamış və bütün bunların nəticəsində kitab nəşrinə ictimai marağın artdığını, kitabxanalarımızın fondunun əsaslı şəkildə yeniləndiyini, nəşriyyatların maddi texniki bazasının inkişafına ciddi təsir etdiyini söyləmişdir.
   Natiq həmçinin qeyd etmişdir ki, mövcud əsasnaməyə görə Mədəniyyət və Turizm Nazirliyi nəşriyyat sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi təsbit edildiyi üçün sahənin inkişafını sürətləndirmək və professionallığı yüksəltmək məqsədilə bir sıra tədbirlər həyata keçirir və hər il Kollegiyada bununla bağlı məsələləri müzakirə edərək müəyyən qərarlar verir.
   2008-ci ildə qəbul olunmuş “Mədəniyyət və Turizm Nazirliyinin ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə fəaliyyət proqramı (2008-2012)” hazırda uğurla həyata keçirilməkdədir.
   Vaqif Əliyev ölkədə mövcud nəşriyyat-poliqrafiya potensialını Azərbaycan Respublikasının zəruri ehtiyaclarının ödənilməsinə istiqamətləndirmək, Azərbaycan xalqının tarixi-mədəni, elmi, ədəbi dəyərlərinin təbliğinə yönəlmiş nəşrlərin həyata keçirilməsini təşviq etmək, Azərbaycanda kitab nəşri işini beynəlxalq standartlara uyğun qurmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsinin, qanunvericiliyə müəyyən əlavə və dəyişikliklərin edilməsinin vacibliyini vurğulamış və nəşriyyatların bununla bağlı təkliflərini hər zaman nəzərdən keçirməyə hazır olduqlarını bildirmişdir.
   O həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bütün kütləvi çap məhsullarına Respublika Standart Kitab Nömrəsinin verilməsinin və nəşrin Respublika Nəşr Reyestrinə daxil edilməsinin bu sahədə faydalı nəticələr verə biləcəyini qeyd etmişdir.
   Son 5 ildə Azərbaycan kitabının 30 beynəlxalq kitab sərgisində nümayiş etdirildiyinə, bu kitabların ölkəmizin həmin dövlətlərdə fəaliyyət göstərən səfirliklərinin kitabxanalarına verildiyinə diqqət çəkən natiq, eyni zamanda respublika naşirlərinin yaxından dəstəyi ilə 2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildiyini və orada 60 milli, 20-dən çox xarici dövlətin nəşriyyatlarının iştirak etdiyini, sərgiyə 40 min ziyarətçinin gəldiyini vurğulamış və bunu Azərbaycan xalqının kitaba olan sevgisi kimi dəyərləndirmiş, həmçinin, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında da məlumat verərək ölkədəki bütün nəşriyyat, poliqrafiya və kitab yayımı müəssisələrini bu sərgidə fəal iştiraka dəvət etmişdir.
   Toplantının əsas məqsədinin ölkədə kitab sənətinin son durumunu dəyərləndirmək, mövcud problemlərin aradan qaldırılması ilə bağlı təklifləri dinləmək, sahənin inkişafı, kitab yayımının təşkili kimi məsələlərin həlli üçün həm dövlət, həm də nəşriyyatlar tərəfindən atılmalı addımları müzakirə etmək olduğunu bir daha diqqətə çatdırmışdır. Müxtəlif kitabxanaların nəzdində kitab satışı mərkəzlərinin yaradılmasının, Kitabxana Kollektorunun fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra tədbirlərin hazırlanmasının, həmçinin ölkədə çap olunan nəşr məhsullarının Nazirlik tərəfindən satın alınaraq respublika kitabxanalarına paylanmasının bu qəbildən görülmüş ilkin işlər olduğu bildirilmişdir.
   V.Əliyev nəşriyyat işi sahəsində müvafiq islahatlar həyata keçirildikdən sonra Azərbaycanda kitab nəşri işinin beynəlxalq standartlara uyğun qurulması, nəşr məhsullarının məzmun, bədii və texniki tərtibat, redaktə və korrektura baxımından keyfiyyətinin müasir standartlara uyğun şəkildə yüksəldilməsi, çap məhsullarının “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə buraxılması, Azərbaycan xalqının tarixi-mədəni, elmi, mənəvi dəyərlərinin təbliğinə yönəlmiş nəşrlərin həyata keçirilməsinin təşviqi, ölkədə müxtəlif səviyyəli (yerli və beynəlxalq) kitab sərgi-yarmarkalarının təşkili və xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında, kitab nəşri, kitab yayımı ilə bağlı beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərdə Azərbaycan nəşriyyat-poliqrafiya müəssisələrinin iştirakının təmin edilməsi sayəsində Azərbaycanda nəşriyyat işi sahəsində daha müsbət nəticələr əldə olunacağını qeyd etmişdir.
   Tədbirdə “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, “Avrasiya press” nəşriyyatının sədri Umud Rəhimoğlu, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “Əli və Nino” kitab dükanları şəbəkəsinin direktoru Nigar Köçərli və başqaları çıxış edərək məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. Onlar əldə olunan uğurları, dövlətin bu sahədə gördüyü işləri vurğulamış, Azərbaycan kitabının beynəlxalq aləmə tanıdılması üçün istər xarici ölkələrdə kitab sərgilərində iştirakı, istərsə də ölkəmizdə onun təşkilini təqdirəlayiq hal kimi qiymətləndirmiş, eyni zamanda digər şəxsi mülahizələrini, irad və təkliflərini diqqətə çatdırmışlar.
   Sonda iştirakçılar tərəfindən ölkə naşirlərinin birliyinin yaradılması məqsədəuyğun sayılmış, bu istiqamətdə işlər görülməsinin vacibliyi qeyd edilmişdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar