Bayram, sərgi və yarmarka bir arada…
   
   Mayın 27-də Filarmoniya bağında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə kitab bayramı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi IV Ümumrespublika kitab bayramı çərçivəsində baş tutan tədbir 28 May - Respublika Gününə həsr edilmişdi. Tədbirdə müxtəlif mövzular üzrə stendlərdə kitablar, yeni nəşrlər sərgilənirdi. 
   
   Bayrama xoş əhval qatmaq məqsədilə təşkil olunan musiqi proqramında Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin nəfəs alətləri orkestri, xalq çalğı alətləri ansamblı, kamera orkestri, simfonik orkestr, estrada ansamblı və muğam üçlüyü çıxış edirdi. Bayrama təşrif buyuranlar musiqi sədaları altında yeni nəşrlərlə tanış olur, bəyəndikləri kitabı alırdılar. Bir sözlə, bayram, sərgi, yarmarka bir arada birləşmişdi.
   “Azərbaycan qadını” stendində adları tariximizə həkk olunmuş görkəmli xanımlar, şairələr, alim qadınlar haqqında kitablar yer almışdı. “XX əsr Azərbaycan qadınları” adlı yeni nəşr də ilk dəfə sərgidə nümayiş olunurdu.
   İncəsənətə həsr olunmuş stenddə Üzeyir Hacıbəylinin operettaları, Cavanşir Quliyevin “Uvertüra” kitabı, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan klassik aşıq havaları” və s. kitablar sərgilənirdi. Yeni nəşr olunmuş dünya ədəbiyyatı nümunələri, uşaq ədəbiyyatı, turizm, ekologiya və s. mövzularda kitablar, ensiklopediya və s. ziyarətçilərin diqqətini çəkirdi.
   Kitab bayramında həmçinin Bakı Şəhər 11 Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı da keçirildi.
   Tədbirdə “Yayım Assosiasiyası”, "Ada", "Nil”, "Akademiya", "Dom russkoy kniqi", "Əli və Nino" kitab mərkəzləri, "Nurlar", "Beşik", "Qlobal", "Qanun", "Qərb-Şərq", "Olaylar" və "Xəzər" nəşriyyatlarının yeni çap məhsulları sərgilənirdi.
   Daha çox ədəbi əsərləri təqdim edən “Qanun” nəşriyyat evinin bölməsində dünya ədəbiyyatından A.Kamyunun “Yad”, Stefan Sveyqin “Bəşəriyyətin ulduzlu saatları” və s. maraqlı kitablar, gənc yazar Yeganə Cansailin ilk kitabı olan “Göy adamı” təqdim olundu.
   Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlının ev-muzeyləri tərəfindən bu görkəmli ədiblərin həyat və yaradıcılığını əks etdirən kitab və müxtəlif nəşrlər də sərgidə yer almışdı.
   Bayrama təşrif buyurmuş kitab həvəskarlarının bir neçəsinin təəssüratlarını öyrəndik.
   Könül Səid Talıbova (gənc yazar):
   - Kitabın, ədəbiyyatın təbliğ olunması üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Tədbirdən razı qaldım, sadəcə kitabların qiyməti bir az bahadır. Bir də kitabları sərgilənən müəlliflərin burada olması, məncə, daha yaxşı olardı. Bu, oxucuları da razı salardı.
   Oqtay Hacı Musalı (jurnalist):
   - Hazırda kitabın sürətlə əmtəəyə çevrilməsi prosesi gedir. Kitabdan həm müəllif, həm də naşir qazanmalıdır. Bu balansı qorumaq vacibdir.
   Vüsal Qulamov (ticarətçi):
   - Kitab bayramının keçirilməsini çox bəyəndim. Bir neçə kitabı almaq istəyirəm. Məncə, kitab bazarında qiymətləri ucuzlaşdırmaq daha yaxşı olardı.
   Telnaz İsgəndərova (müəllimə):
   - Azərbaycan mətbəxi, kulinariya ilə bağlı kitab əldə etdim. Həmçinin nəvələrim üçün uşaqlara aid kitablar aldım. Çox qəşəng kitablar var.
   Elbrus Vahidov (tələbə):
   - Burada çoxlu maraqlı kitablar sərgilənir. Bəzi kitabları heç kitabxanada görməmişəm. Kino tarixi haqda kitabların olmasını istərdim, amma nədənsə gözümə dəymədi.
   Səadət Məmmədova (turizm sahəsində çalışır):
   - Ekologiya və turizm stendində maraqlı kitablar gördüm. Bədii ədəbiyyatla bağlı bir neçə kitab almışam. Bu cür tədbirlərin tez-tez keçirilməsi, hətta mən deyərdim hər bir mərkəzi parkda ayda bir dəfə kitab sərgisinin təşkil olunmasını arzu edirəm.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar