Yubiley 
   
  
   Mayın 13-də Azərbaycan ədəbiyyatının ağır-batman, sanballı, nəhəng artilleriyalarından birinin - Xalq yazıçısı Elçinin 70 yaşı tamam olur
   
   İnsan Allahın sirridir, Allah insanın. Əgər belə olmasaydı, Yerin cazibəsindən çıxan insan, öz cazibəsindən çıxmağı bacarardı. Bunlar hamısı sirri-xudanın işidir... Elçinin alın yazısı da, yazdıqları da, yaşadıqları da sirri-xudanın yazısıdır. Özü də xeyirli yazısı. Elçin yazmasaydı, ədəbiyyatımızda “Min gecədən biri” yaşanmaz, “Bir görüşün tarixçəsi” yaranmazdı, “Mahmud və Məryəm” dillər əzbəri olmaz, “Bülbülün nağılı”nı heç kim bilməzdi, “Ağ dəvə” öz yolu ilə ləngərli getməz, “Ölüm hökmü” verənlərə hökm verilməzdi...
   
   Bütün gedişli-gəlişli yollar buğda dəni kimi dünyanın boğazından keçdiyi kimi, bu əsərlər də tariximizdən, yaddaşımızdan, düşüncəmizdən keçib Elçinin qələmindən ədəbiyyatımıza süzüldü. Onun qələmində zaman kəsişdi, dünyanın əvvəli ilə sonu ağ vərəqdə birləşib, bütövləşdi. Ədəbiyyatımızda çoxqatlı əsərlər boy verib görsəndi...
   Bir sözlə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Xalq yazıçısı, professor Elçin Əfəndiyevin 70 yaşı tamam olur.
   Onun 100-dən çox kitabı dünyanın 40-dan çox dilinə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Sahilsiz gecə”, “Baladadaşın ilk məhəbbəti”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” - ümumilikdə 15-dən çox filmə ssenari yazıb, bir-birindən qiymətli pyesləri səhnəmizi bəzəyib.
   70 ildə Elçin çox qapılar açıb: yaddaşımızın, düşüncəmizin, duyğularımızın qapısını, bu bahar da ömrünün 70-ci qapısını açır. Bu qapının o üzündə zəngin və hər kəsin üzünə açıq olan böyük bir xəzinə gizlənir. Kim istəsə, bu xəzinədən bir ovuc, kim istəsə, bir dəvə yükü götürə bilər. Çünki Elçin nə yazdısa, xalqı üçün yazdı, hansı sahədə çalışdısa, xalqı üçün çalışdı...
   ...70 ilin o üzündə İlyas peyğəmbərin adını daşıyan böyük insanın, ədibin işıqlı siması boylanır. O, günlərin birində sovet ideologiyasından təbii təyinatını itirib bozarmış, əsl insan hisslərini yadırğamış ədəbiyyatımıza “Kənddən məktublar”ını göndərdi. Bir Allah şahiddir ki, bu məktublar ədəbiyyatımıza nə qədər rəng qatdı, İlyas Əfəndiyev İlyas peyğəmbər kimi özünü yetirib bahar rəngli və bahar ətirli dramaturgiyası ilə Azərbaycan səhnəsini xilas etdi. “İlyas Əfəndiyev teatrı” belə yarandı.
   Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində bu işıqlı insanın ailəsində dünyaya gəlib. Uşaqlıqdan ədəbi mühitin içində, kitabların əhatəsində böyüyüb, milli ədəbiyyatımız, folklorumuz barədə ilk məlumatları da ailəsində alıb. Bəs görəsən o, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir:
   “Mən ilk hekayəmi nə vaxt yazmışam? Nə vaxt? Doğrusu, bu suala heç cürə cavab verə bilmirəm, çünki o ilk yazının nə adını, nə də vaxtını xatırlayıram. Mən əlifbanı çox erkən öyrənmişdim və Azərbaycan nağıllarını, eləcə də başqa xalqların, Andersenin, Qaufun, Pyerronun, Qrimm qardaşlarının, Yerşovun, Pavel Bajovun, Abdulla Şaiqin nağıllarını, başqa kitabları hələ birinci sinfə gedənə qədər oxumuşdum. O kitabların, misal üçün «Saman dana», «Slavyan nağılları», «Tık-tık xanım» kimi kitabların mən oxuduğum nəşrlərinin rəngi də, şəkilləri də, hətta adlarının yazılışları da mənim yaddaşımdadı, amma ilk yazımı nə vaxt yazmışam?- heç vəchlə yadıma sala bilmirəm.
   Orası yaxşı yadımdadı ki, 5-6 yaşımda həmişə atamın yazı mizinin üstündə olan ağ kağızlardan götürüb ortadan ikiyə bölürdüm və evdə heç kim olmayanda nağıllar (!), hekayələr (!!) yazırdım...
   ... Elə o vaxtlar idi, bir səhər qəribə bir söhbətin şahidi oldum.
   Səhər yuxudan oyanmışdım, amma hələ yerimdən durmamışdım, açıq qapıdan o biri otaqda nənəmin dediyi sözləri eşitdim:
   - Deyəsən, bu da yazıçı olacaq...
   İlyas Əfəndiyev:
   - Bilirəm,- dedi”.
   
   İnamla deyilən bu bir kəlmə Elçinin həmişəlik yaddaşına həkk olunur.
   Bir qədər sonra isə dünya ədəbiyyatı Elçini öz cazibəsinə salır. Daimi mütaliə onun hobbisinə çevrilir. 1959-cu ildə, 16 yaşında ilk hekayəsi "Azərbaycan gəncləri" qəzetində dərc olunur.
   “O da yaxşı yadımdadır ki, 7-ci sinfi qurtarandan sonra yazılarımı oxumaq üçün atama verirdim ki, fikrini desin və elə atamın da məsləhətilə yazdığım hekayələri İsa Hüseynova göstərməyə başladım. İsa Hüseynov Hüsü Hacıyev küçəsindəki məşhur Yazıçılar binasının 3-cü blokunda, 5-ci mərtəbədə yaşayırdı (elə indi də o binada, amma 1-ci blokda yaşayır) və axşamlar onun evində, onun yazı masasının qarşısında oturub hekayələrim haqqında dediyi fikirlərə, qeydlərə, iradlara və təriflərə qulaq asırdım”.
   1960-cı ildə Bakı şəhərində orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirir. "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir.
   Fransız yazıçısı Qaston Levis deyirdi: “Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir”.
   Bu mənada Elçin “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə” romanları, onlarla povest və hekayələri ilə ədəbiyyatımızın nəhəng bir sütunu sayılan "altmışıncılar" nəslinin görkəmli simalarından birinə çevrilir. Əsərlərində yaşadığı dövrün paradokslarını ustalıqla incələyir, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdurmaqla geniş oxucu rəğbəti qazanır..
   Tanınmış ədəbiyyatşünas, professor Yaşar Qarayev Elçin yaradıcılığının daha alt qatlarda yatan xüsusiyyətlərinə nəzər salaraq, onu "rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan istifadə edən, psixoloji əhval-ruhiyyəni detalla əyaniləşdirən mizanlar və cizgilər axtaran, onları görümlü, baxımlı obrazlara çevirən, epitetlər tapan" yazıçı kimi səciyyələndirirdi.
   Akademik Məmməd Arif Elçini “Hazırla keçmişi, ayıqlıqla yuxunu, həqiqətlə xəyalı, real hadisələrlə nağılı... daxili dialoqlardan... dramaturji səhnələrdən, mozaik parçalardan, mübaliğə... üsulundan istifadə etmək təsvirlərinin emosional qüvvəsi" ilə seçilən sənətkar kimi dəyərləndirir. Akademik Məmməd Cəfər yazıçıda xeyli başqa xüsusiyyətlər ortaya çıxarır: "Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir... Elçin varlığı, hadisə və insan səciyyəsini canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz üsullarından istifadə edən tərəfləri göstərir". Görkəmli rejissor, dramaturji materialı və dram əsərlərinin "dilini yaxşı bilən" professor Mehdi Məmmədov isə Elçini "...saxtanı həqiqətdən, elmi-nəzəri mülahizəni doqmatizmdən, ehkamçı və subyektiv fikirlərdən seçməyi bacaran" yazıçı kimi nəzərdən keçirir.
   Rus mədəniyyət xadimləri və ədəbiyyatşünaslığı da Elçinin yaradıcılığına biganə qalmır. Lev Anninski onun haqqında "Elçin möcüzələri sevir, o, zərif və mehriban nağılçıdır, o, kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən impressionistdir..." - söyləyirsə, Yevgeni Şklovski "Yazıçı çox böyük həssaslıqla və incəliklə qəhrəmanlarının ən adi hərəkətini, əhval-ruhiyyəsini, hiss və fikirlərini duyub təsvir edən rəssam kimidir" - deyir.
   Yazıçı-publisist Yaşar “Elçin ilə müsahibə”sində yazır: “Elçinin yaratdığı obrazlar qalereyası özündən asılı olmayaraq, hardasa, doğma insanlar kimi sənin yaddaşının əbədi qeydiyyatına düşür və sanki səninlə birgə yaşayır, nəfəs alır və yaşa dolur. Məsələn, nə qədər qəribə olsa da, mən bir vaxtlar yaşıdım olmuş o məşhur Baladadaşı indi də yaşıdım kimi təsəvvür edirəm. Elə bil, üstündən illər keçdikcə, o da mənimlə birgə yaşa dolub. Görünür, sənətin, yaratmağın qüdrəti də elə budur.
   Digər məziyyətlərlə yanaşı, məni həm də Elçinin peşəkarlığı xüsusi cəlb edir. Bəzən böyük hekayəçi olan yazıçı romançı kimi o həddi saxlaya bilmir. Bəzən də əksinə. Elçin yaradıcılığında hekayə, povest, romanlardan tutmuş pyeslərə, publisistikaya, hətta uşaq hekayələrinəcən bütün janrlar elə bir hədd çərçivəsində yaranış statusu alır ki, o həddin bir adı istedad, digər adı peşəkarlıqdır.
   Və məncə, məhz bu iki keyfiyyəti özündə ehtiva edə bilən əsərlər zamana qarışmaq, zamanla birgə getmək qüdrətində olurlar”.
   Elçin isə qəhrəmanları barədə belə deyir: “Bütün əsərlərimin qəhrəmanlarında Elçindən nəsə var...”
   Yaşarın “Bir sənət adamı kimi Sizin əsas təyinatınız yazıçılıq olsa da, zaman keçdikcə yaradıcılığınız müxtəlif istiqamətlərə şaxələndi. Bu gün Siz təkcə yazıçı kimi deyil, dramaturq, kinodramaturq, ictimai xadim, dövlət xadimi kimi tanınırsız. Ədəbiyyata - özünü yazılı sözlə ifadə eləməyə tələbat insanda necə yaranır və yazıçılığa mübtəlalıq nələrdən doğur?” sualına Elçin belə cavab verir:
   ”...Söhbət qrafomanlığın yox, istedadın yaratdığı tələbatdan gedirsə, bu - bir sirri-xudadır”.
   Elçinin dramaturji yaradıcılığı heç də onun nəsr yaradıcılığından az əhəmiyyət daşımır. O, dramaturgiyada orijinal konflikt qurmaq ustası kimi tanınır. "Poçt şöbəsində xəyal", “Ah, Paris, Paris...”, «Mənim ərim dəlidir», «Salam, mən sizin dayınızam», «Mənim sevimli dəlim», “Teleskop”, “Şekspir” və başqa əsərlərində Elçinin dramaturji sisteminin qeyri-adiliyi, orijinallığı görünür. Elçin, nəsrdə olduğu kimi, dram yaradıcılığında da folklor nümunələrindən, folklor şüurundan, etnik-milli təfəkkür tərzindən istifadə edir, onları ədəbiyyata gətirməklə gələcək nəslə ötürür.
   Ədəbiyyatşünaslar bu fikirdədir ki, Elçin yaradıcılığında zaman distansiyası mühüm əhəmiyyət kəsb edir. Onun görüntüsü keçmiş və gələcək üzərində qurulmuşdur. İndiki zaman yazıçının özüdür. O, keçmişlə gələcək arasında ötürücü, körpü rolunu oynayır.
   Zaman demişkən, bir yazıya nəhəng bir yazıçının, dramaturqun, tənqidçinin, tərcüməçinin həyat və yaradıcılığını sığışdırmaq mümkünsüzdür. Sadəcə bütün oxucular adından Elçin müəllimə nə arzu edə bilərik: 100-cü qapını açmağı, Qarabağın hər qarışını ziyarət etməyi, yazmaq istədiyi və bizim də oxumaq istədiyimiz əsərləri!
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar