Mayın 29-da Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbi məzunlarının buraxılış (hesabat) konserti oldu.
Klassik və xalq bölməsi tələbələrinin iştirak etdiyi konsert proqramı 15 nömrədən ibarət idi. 27 məzunun iştirak etdiyi buraxılış konsertini Bakı Xoreoqrafiya Məktəbinin müəllimləri - Xalq artisti Yusif Qasımov, Əməkdar artist Səbinə Qasımova, Əməkdar müəllim Pellumb Aqallıyay, Kamilla Əliyeva, Ella Hacıyeva, Yekaterina Mustafayeva, Makar Ferştandt, Lyudmila Qudlyanskaya və Tamilla Məmmədova hazırlamışdılar.
Konsert proqramında diqqətçəkən məqam 2 avstriyalı rəqqas və məktəbin 2 məzununun birgə iştirakı ilə Avstriya xoreoqrafı Mixail Fixtenbaum tərəfindən hazırlanmış Mosartın “Məhəbbət küləyi” kompozisiyası oldu. Konsertdə Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr iştirak edirdilər.
Konsertdə Mosart “Məhəbbət küləyi”, “Esmiralda” baletindən variasiya, Balkan rəqsi, P.Çaykovski “Rus rəqsi”, İ. Ştraus “Vals”, Ü. Hacıbəyov “Sənsiz”, Eldar Mansurov “Naxışlar”, Fikrət Əmirov “Min bir gecə” baletindən fraqment və s. kompozisiyalar səsləndi.
R.İsayeva