böyük elm, mədəniyyət, ədəbiyyat, ictimaiyyat və həyat adamı - Cəfər Xəndan
   
   Bu sayaq təşbehlər işlətmək, hər dürlü epitetlər quraşdırıb-yaraşdırmaq asandır, onlara yaraşmaq, malik olub layiqincə yaşamaq isə çətin. Necə ki, tarixi yaradıb-yaşatmaq onu yazmaqdan çətin...
   Amma bəzən... (necə ki, əsasən ötərilik, fövrilik anlaşımlı bu “bəzən” bu növbəti qəhrəmanımızla da ilgili bütöv bir ömrü-dövrü əhatə edir) tarixi yazmağın özü də - daş-qaya külüngləmək, “iynəylə gor qazmaq” kimi - məcburi epitetlərlə ifadə edilməyə “məhkum” olunmuş olur.
   
   Necə ki, “boq”suz bolşeviklər bizim bu dərəcədə əməlisaleh, istedadlı, milli əxlaqlı tədqiqatçı, tənqidçi, şair, ədəbiyyatşünas-alimimizi nəinki məqsəd-məram ladını, həm də adını (“Molla Nəsrəddin”) dəyişdirdikləri “Allahsız” jurnalında məsul katib işləməyə məhkum etmişdilər.
   Pozitiv aspektdə təəccüblü deyilmi ki, “Allahsız”laşdırılmış bu bəndə 28 yaşında Azərbaycan Yazıçılar İttifaqının üzvü, 38 yaşında filologiya elmləri doktoru, 39-unda professor olmuşdur! Yəni hər bəndənin bacarmadığına bu yaşdaca vara bilmiş birisi yek, tək, bir Allahın varlığına şübhəylə yanaşa bilərdimi? Və... (neqativ aspektdə) “maraqlı” deyilmi ki, bu səviyyəli bir kadr çalışdığı təşkilat və obyektlərin mütləq əksəriyyətinə ikinci kimi təyin edilmişdir. Lakin başçısı olduğu sahələrdə bütün parametrlərilə sübuta yetirirmiş ki, o, daha çox, birinciliyə layiqdir; otuz yeddi yaşında Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin dekanı olanda da, üç il sonra həmin ali məktəbin rektoru işləyəndə də.
   
   “Uşaq evi”nin böyük yetkini
   
   Bir çox adlı-sanlılar kimi, Cəfər Xəndanın da tale kitabına düşüb - bu ata-anasız ünvan. Hətta özünü tam təsdiq edənə qədər, səlahiyyətli vəzifələrə qəyyumları tərəfindən təyin-təsdiq edilənlərin tənələrini də az eşitməyib. “Uşaq evindən çıxmısan, - get uşaq-muşaqlara irad tut, göstəriş ver” deyənlər olub. Ötən əsrin altmış-yetmişinci illərində müasirlərindən birinin dediyinə görə, onun aspirantura yoldaşlarından bir qız digərinə: “...bu qədər ağıl və istedad sahibi məni bəyənsəydi, məmnuniyyətlə ona ərə gedərdim” - deyə pıçıldayarkən, onun rəfiqəsi ucadan söylədiyi: “...Gedib “uşaq evi”ndəmi yaşayacaqsız?!” - replikası ilə Cəfərin gənclik şaxını əməlli-başlı sındırıb. Hansı ki, o günədək yaşadığı çətinliklər, üzləşdiyi yetimlik, kiçik qardaş və bacısının məhrumiyyətləri onu o qədər də sındırmayıbmış. Deyirmiş “həyatdır də, - səadətlər, firavanlıqlar kimi, əzab-əziyyətlər, məhrumiyyətlər də bu dünyadan kam almalıdır, ya yox?!”.
   Onun bu fəlsəfi-dialektik baxışı elə-belədən (və yaxud, tək elə gecə-gündüz mütaliəsindən) yaranmamışdı, ümum-ictimai həyatın bir parçası olan şəxsi (ailəvi) həyatından da qaynaqlanmışdı...
   1910-cu ilin 8 mayında doğulmuş Cəfər dünyaya İrəvan şəhərində göz açsa da, Bakı, Gəncə şəhərləri haqda da az eşitməmişdi. Atası müəllim idi və bu ailədə ərzaqi təamlarla bərabər, irfan-idraki qidalar da işlənirdi. Bu ziyalı ailə 1918-ci ilin Cümhuriyyət ab-havasını ovsar edərək, həmin hakimiyyətin elan olunduğu məkana - Gəncəyə köçür. Lakin ailə başçıları burada dünyalarını dəyişir və hələ ayaqqabılarından İrəvan tozu getməmiş iki qardaş, bir bacı bu “tanış-tavanasız” şəhərdə tamam başsız qalırlar. Hər üçü Gəncə uşaq evinə verilir və 1925-ci ilədək onlar burada qalmalı, burada “yaşamalı”, sıxılmalı, bir qarın ac yatıb, iki misil artıq əzab-əziyyət çəkməli olurlar. Bu şəhərə səkkiz, uşaq evinə on yaşında düşmüş Cəfər yeniyetməlik illərindən qardaş-bacısına valideynlik etməli olur. Qeyri-adi istedad və qabiliyyəti sayəsində Gəncə Pedaqoji Texnikumuna qəbul olunur, oranı bitirən kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur və paralel olaraq, yeganə himayəçisi olduğu ailəni dolandırmaqçün on beş yaşından on doqquz yaşınadək fəhlə fakültəsində müəllimlik edir. Sonra aspirantura, bitirdiyi institutda ədəbiyyat kafedrasında assistent, ömrün iyirmi ikinci ilindən dosent olaraq çalışmalar.
   
   Və Bakı...
   
   Deməli, dərya. O, buraya tək elə qüvvətli gənc ayağıyla yox, artıq ictimai qulağa dəymiş ad-sanıyla gəlmişdi. Bir azdan neçə-neçə elmi-populyar əsər, monoqrafiya və dərsliklərin üstündə oxunası ad-soyadla, maraqlı şeirlər, publisistik-jurnalistik imza ilə qədəm qoymuşdu paytaxtına.
   Bu şəhərdə daha tez görünüb, daha isti qəbul edilib - otuz yaşını yenicə adlamış bu adam. Tezliklə M.F.Axundov adına Müəllimlər İnstitutunda dekan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, qəzet redaksiyalarında şöbə müdiri, məsul katib görəvlərində çalışıb. 1941-ci ildə ordu səfərbərliyinə alınıb, hərbi hissələrdə siyasi rəhbər, zabit, jurnalist kimi alman faşizminə qarşı döyüşüb, neçə-neçə ordu qəzetində aparıcı müxbir, məsul redaktor kimi ciddi işlər görüb. Ordudan tərxis edildikdən sonra yenidən öz sevimli işinə başlayıb, yeniyetməliyindən vurulduğu qələm-kağız, elm-arxiv aləminə baş vurub. O zamanlar ölkənin baş qəzeti hesab edilən “Kommunist”də mədəniyyət və məişət şöbəsinin müdiri, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya fakültəsinin dekanı işləyib. 1950-ci ildə isə ovaxtadək də bir neçə şöhrətli şəxsiyyətin başçılıq etmiş olduğu bu yeganə universitetin rektorları siyahısına daha bir ümum-ictimai tutumlu ad yazılıb: Cəfər Xəndan!
   Bu abzasdan sonra, qısaca da olsa, ayrıca başlıq altında bəhs edəcəyim elmi əsərləri içərisindən birini həm forma, həm də məzmun-mahiyyət baxımından xüsusi seçdirməylə qeyd etmək istərdim: “1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası”. Bu, Cəfər Xəndanın doktorluq dissertasiyasının adıdır. Otuz səkkiz yaşlı alimin düşüncələri haqda düşünərkən bu elmi əsər başlığının özü də az duyğular oyatmır...

   Onun qələm aləmi
   
   Bu seçdirmədə (yuxarıda söylənmiş aspektdə) əlavə bir seçmə. Ədəbiyyatın “yazılı”sı-“şifahi”si olduğu kimi, ziyalılığın, alimliyin, müəllimliyin də dərcli-dərcsizi (çaplı-çapsızı) var. Alimlər, müəllimlər var ki, bir sətrini belə oxumamış kütlə onu məclis-mərəkədə, efir-ekranlarda iman-inamlı danışıqlarına, dillərdə gəzən söhbətlərinə, haqqında eşitdiklərinə görə canı-dildən sevir, hər barədə qəbul edir. Deyim ki, Cəfər Xəndan da belə simalardan olub və “onun qələm aləmi” şəkilli təqdimat heç də qəribə səslənməməlidir. Yəni şöhrəti ali auditoriyalarda, elmi tədbirlərdə, kütləvi informasiya vasitələrində və nəhayət, canlı xatirələrdə kifayət qədər yayılıb-“tirajlanmış” bir şəxsiyyətin sözügedən aləmini aksentləşdirməyə o qədər də ehtiyac yox. Amma gələcəyin böyük bir alim-ədəbiyyatşünasının iyirmi altı yaşında “Bəyaz gecələr” ad-ladında bir əsər işləməsini necə önə çəkməyəsən? Yaxud otuz altı yaşınadək “qoşa qanad” qismində görüb-bilib yazdığı “Azərbaycan ədəbiyyatı”, “Sabir”, “Cəbhə şeirləri”, “Qafqaz”, “İlk ayrılıq”, “Mübarizə yollarında” kimi elmi və ədəbi-bədii kitablarını necə xatırlatmayasan?
   Sonralar elmi-tədqiqat, oçerk-monoqrafiya sahəsində daha çox boşluq (və ehtiyac) olduğunu görən bu milli insan, əsasən, həmin yönümə üstünlük verir. 1948-ci ildən 1961-ci ilə - ömrünün sonunadək biri-birindən maraqlı, siqlətli elmi-nəzəri əsərlər üzərində çalışır. Sayca otuza yaxın, sanbalca bir institut işinə adekvat olan həmin kitablardan bir neçəsinin adını çəkməklə kifayətlənmək fikrindəyəm: “XX əsr Azərbaycan ədəbiyyatı”, “C.Cabbarlının həyat və yaradıcılığı”, “Mikayıl Müşfiq”, “Molla Nəsrəddin”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mir Cəlal”, “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, “Ədəbi qeydlər”, “Sovet ədəbiyyatı” (dərslik), “Ədəbiyyatımızın dünəni və bugünü” və s.
   
   Dövrünün dillər əzbəri
   
   Tarixən xalqlarda (xüsusən bizdə!) elm, alim şeir-sənətlə, sənətkarla müqayisədə uduzub. Tutalım, məşuquna gözəl bir şeir yazan aşiq bu tip milyonlarla cütlüklər arasında çox asan bir texniki ünsiyyət (telefon) və ya rahətlokum görüş-qonuş vasitələri (avtomobil, təyyarə və s.) yaradan ixtiraçıdan üstün tutulub. Dövrünün ən parlaq ədiblərinin çox yaxın dost-yoldaşlıq etdiyi və yüksək dərəcəsini etirafda bulunduqları Cəfər Xəndan bu gün Səməd Vurğun və ya Əlağa Vahidin yüzdə biri qədər xatırlanırmı? Hansı ki, həmin o əvvəlkilər sonuncu haqda bədahətən (özü də sevgi-rəğbət dolu) çox misralar qoşublar ki, onlardan biri də belə:
   
   “Gözüm aydın - gözümə surəti-canan görünür,
   Hər kitabı açırsan - Cəfəri Xəndan görünür!”
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar