Respublika Uşaq Kitabxanası balacalar üçün kitab bayramı keçirdi
   
   F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Zorge adına Parkda 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü və müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş «Dünyanı verək uşaqlara» adlı kitab bayramı təşkil etdi.
   
   Uşaqlar onlar üçün bəzədilmiş parkda həm kitablarla tanış oldular, həm də əyləndilər. Tədbiri Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva açaraq, kitab bayramının keçirilməsinin məqsədindən, uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Direktor qeyd etdi ki, Respublika Uşaq Kitabxanası hər il 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə müxtəlif tədbirlər təşkil edir. Uşaq kitabı bayramı belə tədbirlərdən biridir. Uşaqlar üçün nəşr olunan yeni kitablardan bəhs edən natiq balacaların son vaxtlar mütaliəyə marağının daha da artmasını diqqətəlayiq hal kimi qiymətləndirdi.
   Tədbirdə çıxış edən Xalq artisti, uşaqların sevimli bəstəkarı Oqtay Zülfüqarov bu bayrama qatılmaqdan böyük sevinc duyduğunu bildirdi: «Mən bütün uşaqlarımızın xoşbəxt, sağlam olmasını arzulayıram. Arzu edirəm ki, onlar milli ruhda, əsl vətənpərvər kimi böyüsünlər, tərbiyə alsınlar. Milli musiqimizi, rəqslərimizi öyrənsinlər. Bu baxımdan belə tədbirlərin böyük əhəmiyyəti var”.
   Mədəniyyət və Turizm Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdikləri bayram tədbirində «Müstəqillik yollarında-20», «Tarix-keçmişdən gələcəyə», «İncəsənət-bəşəriyyətin misilsiz sərvəti», «Məktəb proqramına kömək», «Nağıllar aləmində», «Sirli-sehirli nağıllar», «Azərbaycanın elm və mədəniyyət xadimləri», «Muğam dünyasına səyahət», «Azərbaycan xalq yaradıcılığı paytaxtları-2011» və digər mövzular üzrə kitab sərgiləri nümayiş olundu. Uşaqlar ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
   «Mənim dünyam» adlı rəsm müsabiqəsinə təqdim olunmuş rəsmlərin sərgisi də maraq doğurdu.
   Tədbirdə Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi, «Səma» rəqs qrupu, O.Zülfüqarovun «Aysel» qrupu, Musiqili Komediya Teatrı («Baş tutmayan hiylə» tamaşasından bir parça), Bülbül adına Musiqi Məktəbi, Gənc Tamaşaçılar Teatrı («Tıq-tıq xanım» tamaşasından bir parça) çıxış etdilər. Uşaqlar arasında «Nağıllarımızı bilirsinizmi?» adlı viktorina keçirildi, qaliblər mükafatlandırıldı. Tədbirdə iştirak edən bütün iştirakçılara «Göy qurşağı» uşaq jurnalı, kitabxananın bələdçisi və vizit kartı verildi. «Altun», «Turan», «Kitab klubu» nəşriyyatları, M.Seyidzadə adına Kitabxana-kitab mağazası kitab satışını təşkil etdi.
   Qeyd edək ki, bayram tədbirində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Kitabxana sektorunun məsləhətçisi Samir Abbasov, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, yazıçı və şairlərdən Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Elxan Elatlı, Nüşabə Məmmədli və başqaları iştirak edirdi.
   Tədbirin sonunda «Mənim dünyam» rəsm müsabiqəsinin qalibi Əliyeva Qızxanım və təşkilatçılar tədbirdə fəal iştirak etdiklərinə görə kitabxana tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar