Dahi bəstəkara həsr olunmuş kitab və “Əbədi iftixarımız” sənədli filmi təqdim edildi
   
   İyunun 7-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun “Üzeyir işığında” kitabının təqdimatı və Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Əbədi iftixarımız” sənədli televiziya filminin nümayişi oldu.
   
   Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Azərbaycan musiqi tarixində tükənməz mənbə olan Üzeyir Hacıbəyli yaradıcılığına zaman-zaman müraciət olunduğunu qeyd etdi. Bildirdi ki, musiqişünaslarımız daima bu mövzuya müraciət edir, Üzeyir bəyin şəxsiyyəti, musiqisi, düşüncələri, məqalələri, tədqiqatları, böyük irsini tükənməz xəzinə kimi daima tədqiq edirlər. Bəstəkar İttifaqının sədri bildirdi ki, hər il sentyabrın 18-i - Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə “Milli musiqi günü” kimi qeyd olunur. 2008-ci ildə “Leyli və Məcnun” tamaşasının 100 illiyi UNESCO səviyyəsində qeyd olunub. “Arşın mal alan” operettasının 100 illiyi UNESCO-nun 2012-2013-cü illər tədbirlər planına daxil edilib.
   Üzeyir bəyin şəxsiyyəti və yaradıcılığı ilə bağlı bir çox kitablar yazıldığını qeyd edən Firəngiz Əlizadə dahi bəstəkarın ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar, musiqişünas Sərdar Fərəcovun “Üzeyir işığında” kitabını bu sırada yeni bir addım kimi dəyərləndirdi.
   Təqdimat mərasimində Sərdar Fərəcovun ssenarisi əsasında çəkilmiş “Əbədi iftixarımız” filmi nümayiş olundu. Üzeyir Hacıbəyli yaradıcılığının açılmamış səhifələrini işıqlandıran bu film tamaşaçılar tərəfindən maraqla qarşılandı.
   Sərdar Fərəcov ürək sözlərini iştirakçılarla bölüşdü: “Ötən il Üzeyir Hacıbəylinin 125 illik yubileyi qeyd olundu. Dahi bəstəkarın ev-muzeyində çalışan tədqiqatçı kimi uzun müddət onun yaradıcılığı ilə bağlı araşdırmalar aparmışam, müxtəlif illərdə mətbuat səhifələrində yazılarla çıxış etmişəm. Yubiley münasibəti ilə bu yazıları bir araya yığaraq “Üzeyir işığı” adlı kitab hazırlamaq qərarına gəldim və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kitab işıq üzü gördü. Buna görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm.
   Eyni zamanda ötən il “Ədəbi iftixarımız” adlı film çəkildi. Filmin ssenarisinin yazılması mənə təklif ediləndə çox məmnun oldum. Mən yazıçı deyiləm, ssenarist deyiləm, sadəcə Üzeyir Hacıbəyli barədə bildiklərimi qələmə aldım, bu işdə köməyini bizdən əsirgəməyən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Nəticədə gözəl bir film alındı, bu filmdə Üzeyir bəylə bağlı yeni fikirlər, yeni sözlər, yeni kadrlar var”.
   Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Zemfira Qafarova, bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Əliyev çıxış edərək “Üzeyir işığında” kitabı və “Əbədi iftixarımız” filmi barədə fikirlərini iştirakçılarla bölüşdülər.
   Təqdimatda Əməkdar artist Yeganə Axundova və Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Üzeyir Hacıbəylinin 2 piano üçün işlənməsi səsləndirildi.
   
   Təranə Vahidqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar