İyunun 7-də “Qalereya 1969” sərgi salonunda rəssam Sənan Abusəmədzadənin fərdi yaradıcılıq sərgisinin açılışı oldu. Tədbir iştirakçılarına rəssamın yeni hazırlanmış kataloqu da təqdim olundu.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, görkəmli fırça ustası Böyükağa Mirzəzadənin məktəbindən dərs alan rəssam özünəməxsus yaradıcılığı ilə seçilir. S.Abusəmədzadənin əsərləri həmişə insanların diqqətini cəlb edib. Onun əsərləri dünyanın müxtəlif ölkələrində sərgilərdə nümayiş olunur. Nazir müavini rəssamın ilk fərdi sərgisinin sənətsevərlər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirdi. Rəssamın Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlıq edən sənətkarlardan olduğunu vurğuladı: “Bu sərgidə tamaşaçılar Sənan Abusəmədzadənin əsərləri ilə tam şəkildə tanış olmaq imkanı əldə edəcəklər. Sərginin müəllifinə yeni yaradıcılıq uğurları arzulayırıq”.
   Rəssamlar İttifaqının katibləri, xalq rəssamları Salxab Məmmədov və Ağaəli İbrahimov rəssamın yaradıcılığından, onun yüksək insani keyfiyyətlərindən söz açdılar. Qeyd olundu ki, Sənan Abusəmədzadə incəsənətə olan dərin marağı, işgüzarlığı ilə fərqlənib. 1998-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilən sənətkarın mənzərə, portret, natürmort, tematik əsərləri özünəməxsus rəng və kompozisiya həlli ilə seçilir. Öz əsərlərində doğma Azərbaycanın o, cümlədən Abşeronun təbiət gözəlliklərini tərənnüm edir. Bu əsərlərinin lirik və romantik əhval-ruhiyyəsi rəssamın vətənpərvərliyindən xəbər verir. S.Abusəmədzadənin yaratdığı portret əsərləri həm də dərin psixologizmi, nikbin əhval-ruhiyyəsi ilə insanı cəlb edir. Azərbaycan xalqının həyat tərzi və məişətindən bəhs edən natürmortlarında təsvir olunan qədim mis qablar, xalçalar rəssamın öz sənətinə peşəkar yanaşmasından xəbər verir.
   Sonra söz rəssam Sənan Abusəmədzadəyə verildi. Rəssam tədbirin təşkilatçılarına - Mədəniyyət və Turizm Nazirliyinə, “Qalereya 1969” sərgi salonuna, kataloqun hazırlanmasında əməyi keçən insanlara minnətdarlığını ifadə etdi, sərginin açılışına gələn hər kəsə təşəkkürünü bildirdi. Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın müxtəlif illərdə natürmort, portret, mənzərə janrında yaratdığı 50-ə yaxın əsər nümayiş etdirilir.
   Qeyd edək ki, Sənan Abusəmədzadə 1968-ci ildə Bakı şəhərində anadan olub.
   1984-1988-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1991-1997-ci illərdə isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsini bitirib. S.Abusəmədzadənin əsərləri Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, İsrail, Səudiyyə Ərəbistanı, Rusiya, Avstriya, Fransa və Türkiyədə keçirilmiş sərgilərdə nümayiş olunub, bir neçə əsəri isə sadalanan ölkələrdə şəxsi kolleksiyalara daxil edilib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar