İyunun 9-da Oğuz rayon mərkəzində “Kitab bayramı” keçirildi. Ölkəmizin müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr edilmiş bu bayramda iştirakçılara “Azərbaycanın sönməz günəşi”, “Dövlət müstəqilliyimizin 20 illiyi”, ”Qarabağım, qan yaddaşım”, “Qədim əlyazmalarımız milli sərvətimizdir”, “Bizim nağıl dünyamız” və s. mövzularda 20-yə yaxın stenddə mindən artıq kitab təqdim olundu. Açıq səma altında keçirilən tədbirdə uşaq yaradıcılıq birliyi üzvlərinin əl işlərindən ibarət satış-sərgisi də təşkil edilmişdi.
Tədbirdə Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, Mərkəzi Kitabxananın direktoru S.Mikayılova, rayon İcra Hakimiyyətinin nümayəndəsi E.Yusifov, “Oğuz Yurdu “qəzetinin redaktoru N.Hüseynli, yazıçı Paşa Yaqub və başqaları çıxış etdilər. Qeyd olundu ki, kitab bütün dövrlərdə insanlar arasında mənəvi ünsiyyət körpüsü olub. Buna görə də bütün işıqlı zəka sahibləri kitaba borcludurlar. Bəşər tarixində əbədi yaşamaq istəyən hər bir millət öz adını onun səhifələrinə mədəniyyəti ilə yazmalıdır, çünki yazı millətin keçmişinin yaşadıcısıdır. Müasir informasiya texnologiyaları nə qədər inkişaf etsə də, kitabı heç nə əvəz etmir. Oxucunun kitabdan aldığı zövqü heç bir informasiya vasitəsi verə bilməz. İnsanlar mütaliədən əl çəkəndə düşüncədə, fikirdə də geri qalırlar.
Çıxış edənlər kitabxanaların inkişaflına dövlət qayğısı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işləri xüsusi vurğuladılar. Tədbirin iştirakçısı olan yazıçılar öz kitablarını kitabxanaya hədiyyə etdilər. Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəal oxuculara, kitabxanaçılara, özfəaliyyət kollektivləri baxış - müsabiqəsinin qaliblərinə hədiyyələr və fəxri fərmanlar təqdim edildi.
Qəsidə Hüseynova,
Oğuz Rayon Mərkəzi Kitabxanasının baş metodisti