Turizm sahəsində əlaqələrin inkişafı məqsədilə anlaşma memorandumu imzalanacaq
   
   İyunun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İraq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb. 
   Görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanla İraq arasında əlaqələrin qədim tarixi olduğunu vurğulayıb. Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak da ölkələrimiz arasında ticari və iqtisadi, mədəni təmasların gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
   Görüşdə səfir tərəfindən iki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanması təklif olunub. Sözügedən sahədə danışıqlar aparılması və memorandumun imzalanması məqsədi ilə İraqın turizm və tarixi abidələr nazirinin cari ilin iyulunda Azərbaycana səfərinin planlaşdırılması müzakirə edilib.
   Daha sonra tərəflər Bakı ilə Nəcəf arasında çarter reyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması, regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
   Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak səmimi görüşə görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib və iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.