İyunun 8-dən 10-dək Belçikanın Gent şəhərində Kompendium Müəlliflərinin 10-cu Assambleyası və “Avropada fəal mədəni iştirak” mövzusunda beynəlxalq konqres keçirilib. Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu (“ERİK-arts”) və Belçika hökuməti tərəfindən birgə təşkil olunmuş konqresdə Azərbaycanı Kompendium layihəsinin milli müəllifi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib.
Tədbirlərdə Avropa Şurası, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu (“ERİK-arts”), AMATEO Avropa Şəbəkəsi, İFAKKA, Avropa Mədəniyyət Fondu və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri, 30-dək ölkənin Kompendium üzrə milli müəllifləri iştirak edib.
“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” milli müəlliflərin 10-cu Assambleyası zamanı layihənin daxili məsələləri, 2010-cu ildə qəbul olunmuş mündəricat dəyişiklikləri, Kompendiumda əks olunan mədəni hüquqlar və etika, milli məruzələrin tərcümə edilməsi və s. ətrafında müzakirələr aparılıb.
“Avropada fəal mədəni iştirak” mövzusunda beynəlxalq konqresdə Avropa məkanında mədəni özfəaliyyətə dair fakt və rəqəmlər, Avropada fəal mədəni iştirakın dəstəklənməsi, mədəniyyətlərarası iştirakın möhkəmləndirilməsi, Avropada mədəniyyət sektoruna könüllülərin cəlb olunması, azlıqlar və çoxluqların bədii təcrübələri, yaşlı nəslin özfəaliyyəti kimi mövzular müzakirə mövzusu olub.
Qeyd olunub ki, 2011-ci ildən Andorra, Belarus, Bosniya və Herseqovina, Kiprin qoşulduğu və iştirakçı ölkələrin ümumi sayının 46-ya çatdığı “Kompendium” Avropa Şurasının ən böyük layihəsidir.