İyunun 30-u Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Tarixi abidələrimiz, muzeylərimiz və turizm” mövzusunda dəyirmi masa keçirdi.
Tədbirdə açılış sözü ilə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov turizm sahəsinin inkişafı haqda danışdı.
Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov ölkəyə turizm axınını gücləndirmək istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi, bir çox tarixi abidələrin turist cəlb edilməsi məqsədilə bərpa edilib istifadə verildiyini vurğuladı.
Dəyirmi masada BMT-nin turizm inkişaf layihəsinin əlaqələndiricisi Faiq Qürbətov “Muzey əlavə gəlir mənbəyi kimi”, “Millenium Tourizm & Gongress” DMC-nin baş direktoru Ruslan Quliyev “Azərbaycanda daxili turizm və gəlmə turizmin inkişaf perspektivləri”, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, İKOM-un Azərbaycan komitəsinin sədri, professor Röya Tağıyeva “Azərbaycanın xalça xəzinəsi” mövzularında məruzələrlə çıxış etdilər. Röya Tağıyeva xalça turlarının, turistlərin xalçaçılarla görüşlərinin təşkili haqda danışdı.
Həmçinin ENC Travel sirkətinin direktoru Emil Nəsibov, R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Gülyanə Məmmədova “Turizm şirkətləri və muzeylərin əlaqəli işi”, Qobustan Dövlət Tarixi-Memarlıq Bədii Qoruğunun direktoru Məlahət Fərəcova “Qobustan arxeoloji kompleksində innovasiya prosesi” mövzularında çıxış etdilər.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, turizm təşkilatlarının və muzeylərin, habelə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən, Şamaxı, Quba, Qusar rayonlarının mədəniyyət və turizm şöbələrinin nümayəndələri iştirak edirdilər.
Tədbir geniş müzakirə ilə davam etdirildi.
Reyhan