İyunun 19-dan 29-dək UNESCO-nun Parisdəki mənzil-qərargahında Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarət edən Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilib.
Ölkəmizin müşahidəçi qismində təmsil edilməsinin təmin olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, habelə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komitəsinin və UNESCO yanında daimi nümayəndəliyimizin əməkdaşları iclasda iştirak ediblər.
İclasın açılış mərasimində Dünya İrs Komitəsinin sədri, Bəhreyn Krallığının mədəniyyət naziri xanım May Bint Muhəmməd Əl Xəlifə, UNESCO-nun icraçı katibi xanım İrina Bokova və digərləri çıxış edərək, Dünya İrs Konvensiyasının yaranmasından, həmin tarixdən keçən 40 il ərzində UNESCO tərəfindən görülmüş işlərdən bəhs ediblər. Konvensiyanın bəşəriyyətin gələcəyi üçün oynadığı mühüm rolu qeyd olunub.
Sessiyada Dünya İrs Komitəsi tərəfindən 169 ədəd dünya irsi nümunəsinə baxılıb. Onların 34-ü Təhlükədə Olan Dünya İrs Siyahısına, 37 ədədi Dünya İrs Siyahısına qəbul edilmək üçün irəli sürülmüş, digərləri isə artıq Dünya İrs Siyahısında olan və onların qorunması üçün yerləşdikləri ölkələr tərəfindən görülən işlərin nəzərdən keçirilməsi üçün iclasın gündəliyinə daxil edilmişdi. Dünya İrs Komitəsi davam edən müzakirələrdən sonra 25 ədəd yeni ərazini UNESCO-nun Dünya İrs Siyahısına, 2 ədəd abidəni isə Təhlükədə Olan Dünya İrs Siyahısına daxil edib. Bir ədəd ərazi isə (Manas Wildlife Sanctuary (İndia) görülmüş tədbirlər nəticəsində Təhlükədə Olan Dünya İrs Siyahısından çıxardılaraq Dünya İrs Siyahısına əlavə edilib. Bununla da, 1972-ci ildə qəbul edilmiş Dünya İrs Konvensiyasının 40 illiyi ərəfəsində Dünya İrs Siyahısında mövcud olan ərazi və abidələrin sayı 936-ya çatıb. Onlardan 183-ü təbii, 725-i mədəni, 28 ədədi isə qarışıq ərazi və abidələrə aid edilir.
İclasın son günü 2012-ci ildə keçiriləcək Dünya İrs komitəsinin 36-cı sessiyasının gündəliyi qəbul edilib.
Qeyd edək ki, iclas zamanı UNESCO-nun Dünya İrsinin İlkin siyahısında olan 6 tarixi abidəmizin Dünya İrs Siyahısına daxil edilməsi üçün lazım olan prosedurlar, digər ölkələrin təcrübələri öyrənilib, qeyri-rəsmi görüşlər keçirilib və gələcəkdə Azərbaycan Respublikasının Dünya İrs Komitəsinə üzv seçilməsi üçün müvafiq təşviqat işləri aparılıb. Sessiyada iştirak edən nümayəndələr, o cümlədən Ukrayna, Latviya, Avstriya, Fransa və digər ölkələr, 7-9 aprel 2011-ci il tarixində Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunu xatırladaraq tədbirin yüksək səviyyədə keçirildiyini bildiriblər.