Jurnalın təqdimatında Xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyası nümayiş olunub

   İyulun 6-da Dövlət Akademik Milli Dram Teatrında “Azərbaycan qadını” jurnalının yeni sayı təqdim olunub. Tədbirdə Xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyasının tamaşası göstərilib.
   
   Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri, “Azərbaycan qadını” jurnalının baş redaktoru Fatma Abdullazadə jurnalın növbəti sayının maraqlı materiallarla zəngin olduğunu qeyd edib. Jurnalda ölkəmizin həyatında parlaq hadisəyə çevrilmiş mühüm beynəlxalq layihələrdən söz açılır.
   Heydər Əliyev Fondunun təqdirəlayiq fəaliyyəti sayəsində bu ilin fevralında Parisdə müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim təşkil edilmişdi. Parisin ən füsunkar yerlərindən biri olan qədim Vandom meydanı Azərbaycan mədəniyyəti təntənəsinin şahidi olub. Jurnalın oxucuları Azərbaycan mədəniyyətinin təqdimatına çevrilən Paris təntənəsi ilə daha yaxından tanış olacaqlar.
   Jurnalda mart ayında Bakıda böyük təntənə ilə keçirilmiş II Beynəlxalq muğam festivalı, aprelin 7-dən 9-dək davam etmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə yazılar dərc edilib. Bu tədbirlərin iştirakçısı olmuş nüfuzlu elm və mədəniyyət xadimlərinin, tanınmış simaların ürək sözləri, təəssüratları oxuculara təqdim olunur.
   İyun ayında Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib. Fəaliyyət göstərdiyi qısa müddətdə xeyli uğurlu nəticələr əldə edən bu təşkilatla bağlı maraqlı material jurnalın səhifələrində yer alıb.
   “ÜNS” Teatrı mədəni həyatımızın ayrılmaz hissəsinə çevrilib. Jurnalın oxucularını “ÜNS” ün fərqli səhnəsi ilə yaxından tanışlıq, yubiley tədbirinə qatılan görkəmli teatr xadimləri ilə görüşlər gözləyir.
   Jurnalın yay buraxılışında oxuculara yeni rubrika da təqdim olunur. “Qonaq otağı” rubrikasının ilk qonaqları məşhur qazax yazıçısı, alim və ictimai xadim Oljas Süleymenov, tanınmış polyak rejissoru Kşiştof Zanussi, rus rejissoru Andrey Konçalovskidir.
   “Azərbaycan qadını”nın bu sayında həmçinin Xalq rəssamı Tahir Salahov, səhnəmizin gənc aktrisası İlahə Həsənova, zərif gimnast qızlarımızla bağlı materiallar verilib.
   Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə jurnalın hər yeni sayının gözəl bir tədbirin təqdimatı ilə birlikdə keçirilməsinin ənənəyə çevrildiyini deyib və iştirakçıların bu dəfə Xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyasının tamaşasını seyr edəcəklərini bildirib. Görkəmli nasir, dramaturq Elcinin yaradıcılığı barədə danışan Fatma Abdullazadə yazıçının maraqlı qadın obrazları yaratdığını diqqətə çatdırıb.
   Tədbirdə Xalq yazıçısı Elçinə “Azərbaycan qadını” jurnalının təsis etdiyi “Banuçiçək“ mükafatı təqdim edilib. Sonra “Teleskop” tamaşası nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar