Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyində 2011-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda bir sıra qərarlar qəbul olunub.
   
   Mədəniyyət sahəsində reklam işinin təşkili haqqında kollegiyanın qərarında qeyd olunur ki, 2006-cı ildən başlayaraq mədəniyyət və turizm sahəsində vahid informasiya-reklam siyasətinin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib, müvafiq sənədlər, “Mədəniyyət və turizm sahəsində informasiya və reklam Konsepsiyası” qəbul olunub. Konsepsiyaya uyğun olaraq “Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi Qaydaları”, “Azərbaycan xalqının tarixi, mədəni sərvəti sayılan adların siyahısı” hazırlanıb. İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadəyə icazə verilib. Kollegiyanın qərarında nazirliyin müvafiq şöbəsinə mədəniyyət sahəsində reklam işinin təşkili ilə bağlı uzunmüddətli proqram layihəsini hazırlamaq, habelə Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadə edən hüquqi və fiziki şəxslərin nazirlikdən icazə almalarını təmin etmək üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında lazımi tədbirlər görmək tapşırılıb.
   Kollegiyada Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestrinin hazırlanması barədə qərar qəbul olunub. Qərarda bildirilir ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində işlər davam etdirilir. “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib və icra olunur. Nazirlik tərəfindən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri” tərtib edilir. İlkin mərhələ yekunlaşmaq üzrədir və siyahıya 4354 abidə daxil edilib. Qərarda nazirliyin müvafiq şöbəsinə Müəllif Hüquqları Agentliyi ilə birlikdə Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin pasportlaşdırılması, hər bir abidənin məlumat faylının hazırlanması istiqamətində işləri davam etdirmək həvalə olunub.
   Kollegiyada beynəlxalq səviyyəli tədbirlərin hazırlanması və keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində çox mühüm rol oynadığı vurğulanaraq qeyd edilib ki, 2011-ci ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi bir çox beynəlxalq tədbirlərdə uğurla iştirak edib. Həmçinin ölkə daxilində müvəffəqiyyətlə keçən bir sıra beynəlxalq tədbirin təşkilatçısı olub. Kollegiyanın Dünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan Pavilyonunun təşkili barədə qəbul etdiyi qərarda qeyd olunur ki, 2007-ci ildən başlayaraq ölkəmiz üçüncü dəfədir ki, bu mötəbər incəsənət sərgisində təmsil olunur. 52 və 53-cü Venesiya Biennalesində təşkil olunmuş Azərbaycan Pavilyonunda ölkə rəssamlarının müasir incəsənət əsərləri uğurla nümayiş etdirilib. Bu ilin iyununda açılan 54-cü Venesiya Biennalesində ölkəmizin pavilyonunun təşkili məsələlərində isə bəzi nöqsanlara yol verilib. Bununla bağlı Azərbaycan Pavilyonunun komissarı, Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə töhmət verilib. Nazirliyin müvafiq şöbəsinə dövlət əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı işləri daha səmərəli qurmaq barədə ciddi tapşırıq verilib.
   Kollegiyada həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının və bölgələrdəki Sumqayıt, Qazax, Salyan, Qax Dövlət Rəsm qalereyalarının fəaliyyəti, eləcə də Füzuli, Qubadlı, Şuşa, Zəngilan rayon Uşaq Musiqi və İncəsənət məktəblərində tədris işinin vəziyyəti barədə məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
   Kollegiya Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin ikinci yarımili üçün iş planın təsdiq edilməsi haqqında qərar qəbul edib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar