Xəbər verildiyi kimi, Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ölkəmizdə səfərdədir. Heyətə qardaş ölkənin yüksək tirajlı mətbu orqanlarından “Zaman”, “Todays Zaman”, “Hürriyet”, “Hürriyet Daily News”, “Star” və “Radikal” qəzetlərinin təmsilçiləri daxildir.
  
   Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfərdə məqsəd Azərbaycanın tarixi, mədəniyyəti, çağdaş siyasəti, iqtisadi potensialı, Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha ətraflı şəkildə təqdim olunmasında qardaş ölkə mediası ilə daha sıx əməkdaşlığı təşviq etməkdir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində türkiyəli jurnalistlərin ölkəmizin dövlət və hökumət qurumlarında görüşləri də nəzərdə tutulub.
   İyulun 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türkiyəli jurnalistlərlə görüşdü. Nazir Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsində medianın mühüm rolunu vurğuladı. Qeyd olundu ki, ölkəmizin tarix və mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin fəaliyyəti böyük önəm kəsb edir. Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olduğunu qeyd edən nazir Azərbaycanla Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsindən söhbət açdı. Xüsusilə ölkəmizdə turizmin inkişafına türkiyəli mütəxəssislərin mühüm töhfə verdiyini vurğuladı: “Bu yaxınlarda Bakıda Türkiyənin aparıcı turizm qurumlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycanda turizm sisteminin təkmilləşməsində Türkiyənin rolunu yüksək qiymətləndiririk. Hazırda ölkəmizdə hotel sahəsində çoxlu sayda türkiyəli mütəxəssis çalışır”.
   Nazir Azərbaycanda dünya miqyaslı mədəniyyət tədbirlərinin həyata keçirilməsinə böyük önəm verildiyini dedi. Bu ilin martında Bakıda keçirilən beynəlxalq muğam festivalı, apreldə gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, hazırda Qəbələ şəhərində keçirilən III Beynəlxalq musiqi festivalı və digər irimiqyaslı tədbirlər barədə türkiyəli jurnalistlərə məlumat verildi.
   Daha sonra nazir Ermənistanın ölkəmizə hərbi təcavüzündən danışaraq bu təcavüzün eyni zamanda Azərbaycanın mədəniyyətinə, incəsənətinə qarşı yönəldiyini qeyd etdi. Ermənilərin milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi öz adlarına çıxmağa çalışdıqlarını nəzərə çatdırdı.
   Türkiyəli jurnalistlər erməni təcavüzünə məruz qalmış tarixi abidələrimizin vəziyyəti barədə məlumat aldılar. Qardaş ölkənin media təmsilçiləri həmçinin Azərbaycana gələn turistlərin sayı, turizm sektorunda gedən proseslər, həmçinin 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla bağlı görülən işlərlə maraqlandılar.
  
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar