Beynəlxalq simpozium keçirilir
İyulun 21-də Naxçıvan şəhərində “Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium işə başlayıb. Dünyanın 10-a qədər ölkəsindən elm adamlarının iştirak etdiyi tədbirin açılışında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, qədim yurd yerimiz olan Naxçıvanda son illər tarixi tədqiqat işləri genişlənib: “Aparılan araşdırmalar göstərir ki, Naxçıvanın şəhər kimi tarixi 5000 ildən daha qədimdir. Ən qədim insanlar burada yaşayıb, oturaq mədəniyyətə sahib olublar. Gələcək tədqiqatlar isə bizə daha çox şey deyəcək”.
Simpoziumun ilk günü alimlərin mühazirələri dinlənilib, Duzdağ ərazisində e.ə VI-V minilliklərdə emal mədəniyyətinin olması, muxtar respublikanın qədim tarixi ərazilərində ilk şəhərsalma mədəniyyətinə dair tarixi faktlarla bağlı elmi müzakirələr aparılıb.
İyulun 24-dək davam edəcək simpoziumun keçirilməsində məqsəd qədim yaşayış yeri və ilk şəhərsalma mədəniyyətinin yaradıldığı bölgə kimi Naxçıvan tarixinin sistemli şəkildə öyrənilməsi, tarixi faktların dünyanın elmi ictimaiyyətinə çatdırılmasıdır.
Tədbir çərçivəsində iyulun 23-də Ordubad rayonundakı Gəmiqaya abidəsinə növbəti beynəlxalq elmi ekspedisiya təşkil olunacaq və burada açıq havada beynəlxalq simpoziumun iclası keçiriləcək. İştirakçıların tarixi abidələrə, muzeylərə və görməli yerlərə səfərləri də nəzərdə tutulub.
Ceyhun