Xalça Muzeyində sərgi açılıb
İyulun 27-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikmə ustası Mehriban Əliyeva-Xəlilzadənin əl işlərindən ibarət “Tikmələrin izi ilə” adlı sərginin açılışı oldu.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərginin əsas məqsədi qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, müəllifin bu sənətə gətirdiyi yenilikləri geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Mərasimi giriş sözü ilə açan muzeyin direktoru Röya Tağıyeva bildirdi ki, sənətkarın əsərləri 1986-cı ildən başlayaraq şəhər, respublika və xarici ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş olunur. Onun əsərləri müxtəlif sərgilərdə, festivallarda fərqlənərək müxtəlif fəxri fərman və mükafatlara layiq görülüb. R.Tağıyeva vurğuladı ki, budəfəki sərginin keçirilməsində əsas məqsəd isə qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, müəllifin bu sənətə gətirdiyi yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov tikmə ustasının əsərlərinin rəngarəngliyi, ecazkarlığı ilə fərqləndiyini qeyd etdi. Onun sözlərinə görə, müəllif təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmə sənətində birləşdirərək maraqlı əsərlər yaradıb.
Tədbirdə digər çıxış edənlər - Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru müavini Polad Zeynalov, rəssam Rauf Əbdülhüseynoğlu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu direktorunun müavini Kübra Əliyeva, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və başqaları müəllifin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər, ona yeni yaradıcılıq uğurları arzuladılar.
Tikmə ustası Mehriban Əliyeva-Xəlilzadə çıxışında Mədəniyyət və Turizm Nazirliyinə, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə minnətdarlığını ifadə edərək gələcəkdə də əməkdaşlığın davam edəcəyinə əminliyini bildirdi.
Sərgidə sənətkarın qədim muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı nəfis sənət nümunələri nümayiş olundu. Sənətkar həndəsi və nəbati naxışlardan istifadə edərək portret, miniatür, mənzərə janrlarına müraciət edib. Onun hazırladığı “Tanrı gözəldir”, “Müqəddəs Kəbə”, “Nizami Gəncəvi”, “Heydər Əliyev”, “Hekayə”, “Əfsanə”, “Muğam üçlüyü”, “Xosrov və Şirin”, “Sülh quşu”, “Gecə-gündüz” və digər sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Sərgidə sənətkarın təkəlduz, xovlu, örtmə (doldurma) və digər tikmə texnikası ilə yaratdığı nəfis sənət nümunələri nümayiş olunur. Sənətkar həndəsi və nəbati naxışlardan yararlanmaqla portret, miniatür, mənzərə janrlarına müraciət edib.
Ceyhun