Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev avqustun 13-dən 18-dək Puerto-Rikoda keçirilən “İFLA-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edib.
İFLA (Kitabxana Asossiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyası) Konfransında San Juan şəhərinin qubernatorunu təmsil edən, Puerto-Rikonun Mədəniyyət İnstitutunun icraçı direktoru Mersedes Qomes Marrero, şəhərin merini təmsil edən və həmin institutun direktoru Fernando Akiar-Karraskilo, İFLA-nın İdarə Heyətinin üzvləri, Kitabxana Assosiasiyalarının üzvləri, İFLA-nın üzvləri iştirak ediblər. Açılış mərasiminin plenar iclasında professor, tarixçi doktor Fernando Piko (Puerto-Riko) çıxış edib.
Konfransın ən maraqlı tədbirlərindən biri “Biliklərə imkan açan kitabxanalar” mövzusu olub. Burada əhalini keyfiyyətli kitabxana və informasiya xidməti ilə təmin etmək, informasiyanın yeni növlərinin istifadəsi və yaradılması, informasiyanı əldə etməyin mühümlüyü və yeni biliklərin yaradılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, “İFLA-2011” Beynəlxalq Kitabxana Konfransı “Kitabxanalar, kitabxana olmağından daha çoxdur: inteqrasiya, innovasiya və informasiya hamı üçün” devizi altında keçirilib. Burada müxtəlif peşəkar qruplar formalaşıb və müxtəlif bölmələrdə biblioqrafiya bölməsi, rəqəmsal strategiyalar üzrə İFLA-nın Alyansı, informasiya texnologiyaları bölməsi, milli kitabxanalar bölməsi və s. tədbirlər keçirilib.
Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Baş Konfransda və Kitabxana Asossiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasında, habelə bir sıra aktual bölmələrin işində (rəqəmsal strategiyalar üzrə İFLA-nın Alyansı, biliklərin idarə olunması bölməsi, informasiya savadlılığı bölməsi) iştirak edib. Nazir müavini həmçinin milli kitabxanaların direktorlarının konfransında, habelə “Hökumət kitabxanaları”, “Hüquq kitabxanaları” bölmələrində iştirak edib.
Konfransın informasiya savadlılığı bölməsində çoxmədəniyyətli əhali üçün informasiya savadlılığının mühümlüyü: tələbat, strategiya, proqramlar və kitabxanaların rolu geniş müzakirə olunub. Qurumun baş katibi Cennifer Nikolson İFLA-nın konfranslarının kitabxana və informasiya peşəsində, beynəlxalq şəbəkələrin yaranmasında rolunu xüsusi qeyd edib.
Konfrans günlərində beynəlxalq Kitabxana Sərgi Yarmarkası təşkil olunub. Yarmarkada kitabxana-informasiya sahəsində tətbiq olunacaq yeni texnologiyalar, çap və elektron formada ən yeni nəşrlər nümayiş edilib.
Tədbirdə müəllif hüquqları haqqında xüsusi məruzələr də dinlənilib. İFLA-nın müəllif hüquqları komitəsinin sədri Viktoriya Ouen qeyd edib ki, materialların və xidmətlərin daha çox elektron formada hazırlanması müəllif hüquqlarının kitabxanaların həyatında daha əhəmiyyətli rol oynamasına səbəb olur.
Qeyd edək ki, dünyanın üç bölgəsində (Amerika və Karib ölkələri, Asiya və Okeaniya, Afrika) İFLA-nın regional ofisləri fəaliyyət göstərir. İFLA-nın 77-ci konfransında dünyanın 140 ölkəsindən qonaqlar iştirak edib.