Avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə SSRİ-nin və Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin (Tağızadə-Hacıbəyov) anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gecə keçirilib. Niyazinin mənzil-muzeyində keçirilmiş gecədə tanınmış bəstəkarlar, sənətşünaslar, digər mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Tədbiri muzeyin direktoru Rza Bayramov açaraq prezident İlham Əliyevin “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli sərəncamını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Buraya maestronun əsərlərinin kataloqunun, “Niyazi təsviri sənətdə” açıqcasının, veb-saytın hazırlanması və s. daxildir.
   Rza Bayramov qeyd edib ki, maestronun yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin təşkilata müraciət olunub.
   Niyazinin mənzil-muzeyi haqqında məlumat verən Rza Bayramov burada 6700-dən artıq eksponatın olduğunu diqqətə çatdırıb.
   Gecədə bəstəkar Azər Dadaşov Niyazi haqqında xatirələrini iştirakçılarla bölüşüb, fortepiano üçün yazdığı “Niyazi 99” pyesini ifa edib. Bəstəkarlardan Ceyhun Allahverdiyevin, Vasif Allahverdiyevin, Pikə Axundovanın, Nərminə Nağıyevanın əsərləri səsləndirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Fidan Hacıyevanın, teatrın solisti Tural Ağasıyevin ifasında romanslar böyük maraqla qarşılanıb.
   Prezident təqaüdçüsü, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki mərkəzi musiqi məktəbinin 8-ci sinif şagirdi Nazxanım Dadaşova pianoda Niyazinin “Şur rəngi” və “Prelüdiya”sını ifa edib.
   Tədbirdə maestro Niyazi haqqında slayd-şou da nümayiş etdirilib. Onu da qeyd edək ki, avqustun 19-u və 20-si Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü elan olunub. Bu günlərdə muzeydə digər tədbirlərlə yanaşı, maestro haqqında film də nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar