Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısında çıxış edib
   
   Sentyabrın 12-də Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplantıda iştirak etmişdir.
   
   25 xoşməramlı səfirin iştirak etdiyi toplantını UNESCO-nun baş direktoru İrina Bokova açaraq ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verdi. UNESCO-nun dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxladığını vurğulayan baş direktor dövlətlər və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dedi. UNESCO-nun baş direktoru bir müddət əvvəl Haitidə baş verən təbii fəlakətin aradan qaldırılması üçün daim öz nəcib təşəbbüsləri ilə seçilən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yardımını yüksək qiymətləndirdi, ona dərin minnətdarlığını bildirdi.
   Daha sonra çıxışlar oldu. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva toplantıda çıxış etdi. UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısının iştirakçılarını salamlayan Mehriban Əliyeva Azərbaycanı burada təmsil etməkdən böyük şərəf hissi duyduğunu dedi: “Bu ilin yazında biz Azərbaycanın müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Azərbaycan Gününü UNESCO-nun qərargahında təşkil etdik. Ölkəmiz ötən illər ərzində bir çox problem və çətinliklərlə üzləşdi, lakin biz həmin gərgin şəraitdən layiqincə çıxdıq və öz dövlətçiliyimizi qurduq. Bu gün Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət, elm və təhsildə dinamik inkişaf edən müasir ölkədir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf edir və ölkəmiz regionun şəksiz iqtisadi lideridir”.
   Mehriban Əliyeva vurğuladı ki, UNESCO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq təşəkkül tapıb: “UNESCO həm Azərbaycan hökuməti, həm ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığını inkişaf etdirir. UNESCO və Heydər Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və mədəniyyət mərkəzləri tikir, Azərbaycanda yüksək səviyyəli musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçiririk”.
   
   Mədəni irsin qorunması UNESCO-nun əsas prioritetlərindəndir
   
   Azərbaycanın birinci xanımı UNESCO-nun bəşəri mədəni irsin qorunması və təhsilə daha geniş çıxışın təmin edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə və ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələrin həllində mühüm fəaliyyət göstərdiyini nəzərə çatdırdı: “Bu toplantının mövzusu təbii fəlakətlər və münaqişələr sahəsində təşkilatımızın üzərinə götürdüyü öhdəliyə həsr olunub. Azərbaycan bu məsələlərə öz təcrübəsindən bələddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Ölkə torpaqlarının böyük bir hissəsi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarına qayıtmaqdan məhrumdur. Qaçqın və məcburi köçkün düşərgələrində anadan olmuş və böyümüş uşaqlardan ibarət yeni nəsil öz yurd-yuvaları barədə məlumatı yalnız ata və babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil və tibbi yardım almaq, inkişaf etmək və parlaq gələcəyə malik olmaq hüququ vardır. Buna görə də biz hərbi münaqişələr və təbii fəlakətləri yaşamış bütün ölkə və xalqların ağrılarını anlayırıq və bölüşürük. Dünyadakı bütün uşaqlar kimi, müharibə və təbii fəlakətlərin acılarını yaşamış gənclərin də xoşbəxt gələcəyə haqqı vardır.
   Qarşımızda duran digər mühüm və ağır vəzifə hərbi əməliyyatlar və münaqişələr zonalarında tarixi abidələrin qorunmasından ibarətdir. Bu abidələr qorunmur və bir çox hallarda məhvə məruz qalır. Belə cinayətlər bəşəriyyətin irsinə qarşı yönəlir. Bu irsin qorunması və mühafizəsi təşkilatımızın əsas prioritetlərindəndir”.
   
   Heydər Əliyev Fondu UNESCO ideallarının yayılmasına böyük töhfə verir
   
   Gənclərin təhsili və inkişafı üçün yeni imkanların açılmasının UNESCO-nun prioritetləri sırasında olduğunu deyən Mehriban Əliyeva ölkəmizin bu sahədə gördüyü işlər barədə də danışdı: “2007-ci ilin noyabrında Forum Heydər Əliyev Fondunun və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda “Sivilizasiyalar Alyansı naminə Gənclər” adlı beynəlxalq konfrans təşkil etdi. Gənc liderlər Sivilizasiyalar Alyansına dəstək olaraq qlobal gənclər hərəkatının yaradılması ilə bağlı təklifimizi tam şəkildə dəstəklədilər. Dörd il gərgin iş apardıqdan sonra Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı Heydər Əliyev Fondunun himayəsi ilə Bakıda aprel ayında keçirilmiş birinci toplantıda təsis edildi.
   Mədəniyyətlərarası dialoqa gender aspektini daxil etmək və qadın liderləri sülh mədəniyyəti mühitində formalaşdırmaq məqsədilə biz İslam Konfransının Dialoq və Əməkdaşlıq naminə Gənclər Forumu ilə “Mədəniyyətlərarası Dialoqda Qızlar və Gənc Qadınlar” adlı xüsusi proqramı təqdim etdik. Bu iş 2008-ci ilin iyun ayında Bakıda UNESCO və İSESCO-nun birgə təşkil etdiyi Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsinə həsr olunmuş Beynəlxalq Forumda başlandı.
   Biz informasiya və kommunikasiya texnologiyaları sahəsində gənclərin yeni və yaradıcı ideyalarını dəstəkləməkdə davam edirik. Bakıda 2009-cu ilin noyabrında keçirilmiş və təxminən 50 ölkədən gələn gənc İKT peşəkarlarını bir araya gətirmiş “Yeni nəslin İKT biliklərinin və bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq konfrans bu cür töhfənin bir təzahürüdür”.
   Mehriban Əliyeva bu ilin noyabr ayında Azərbaycanın paytaxtında digər beynəlxalq təşəbbüs - İKT ölkələri üçün Gənc Sahibkarlar Şəbəkəsi həyata keçiriləcəyini də bildirdi: “Bu şəbəkə müsəlman ölkələrində gənclər arasında işsizliyin azaldılması, gənclərin radikallaşması və ekstremizm, eləcə də cinayətkarlıq və digər əməllərə qoşulma kimi problemlərin həllində gənclərə müxtəlif yollarla yardımçı olacaqdır”.
   
   * * *
   Xoşməramlı səfirlərin 11-ci toplantısında UNESCO-nun fəaliyyəti ilə bağlı məsələlər və təşkilatın dəyərlərinin dünyada dəstəklənməsi yolları müzakirə edildi. Sonra UNESCO-nun gender bərabərliyindəki fəaliyyəti, münaqişə və təbii fəlakətlərdən sonrakı vəziyyət, “Təhsil hamı üçün-2011” Ümumdünya məruzəsinin təqdimatı və digər məsələlərlə bağlı məruzələr dinlənildi, müzakirələr aparıldı. Bundan başqa, toplantıda iştirakçılar gənclərin problemləri, vətəndaşların sülhün və mədəniyyətlərarası dialoqun möhkəmlənməsindəki iştirakının genişləndirilməsi məsələlərinə toxundular.
   Bildirildi ki, UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə də həmin sahələrdə həyata keçirilən proqram və layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır. Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi çox böyük işlər görür, mühüm layihələr reallaşdırır.
   Sonda xatirə şəkli çəkdirildi.
   
   * * *
   UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri də təqdim olundu. Burada Azərbaycanın müasir inkişafını əks etdirən şəkillərlə yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun da maraqlı fotoları var idi. Fondun Azərbaycan tarixi və mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə kataloqları da maraqla qarşılandı. Avropa ailəsinin üzvü olan respublikamızın zəngin mədəniyyəti, tarixi irsi haqqında Avropada daha güclü təbliğat aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri çox böyük əhəmiyyət daşıyır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar