Oktyabrın 5-də Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Hüseyn Cavid bağında Yasamal rayon MKS-in böyük kitab sərgisi keçirildi.
  
   Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgidə Yasamal rayon İH başçısı İbrahim Mehdiyev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Təhsil Nazirliyinin Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Zemfira Cəfərova, yazıçılar, şairlər və digər ictimai xadimlər iştirak edirdilər.
   Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəblərinin və orta məktəblərin şagird və müəllim kollektivi də həvəslə iştirak etdi.
   Vaqif Mustafazadə adına 2 saylı uşaq musiqi məktəbinin, “Aysel” rəqs qrupunun, “Nağaraçılar” ansamblının, C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbinin kanon çalanlar və nəfəsli musiqi ansamblının, Xətai və Yasamal rayon mədəniyyət evlərinin trio ansambllarının və Xətai Rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla izlənildi.
   İncəsənət gimnaziyası, 20 saylı məktəb-liseyin, 167, 158, 53 saylı orta məktəblərin şagirdləri Azərbaycan şairlərinin əsərlərindən ibarət şeirləri tamaşaçılara təqdim etdilər. Yasamal rayonunda yaşayan həvəskar əhalinin əl işlərinin və Bakı şəhərində fəaliyyət göstərən nəşriyyatların çap məhsullarının təşkil olunmuş sərgisi və satışı isə çox böyük marağa səbəb oldu.
  
   Lalə