Oktyabrın 11-də “XXI əsr: ümidlər və çağırışlar” devizi altında Bakıda keçirilən Beynəlxalq Humanitar Forum başa çatıb. Forumun sonunda Bəyannamə qəbul edilib. 
   Bəyannamədə müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə çağırış əks olunub. Sənəddə vurğulanır ki, qloballaşma kontekstində inkişafın iqtisadi modellərinin gerçəkləşdirilməsinin humanitar aspektlərinin qiymətləndirilməsi üçün kulturoloji yanaşma müstəsna əhəmiyyət kəsb edir.
   ”BMT, UNESCO və digər beynəlxalq strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə mədəniyyətlərin və dəyərlər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərti ilə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırırıq. Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyinə inamımızı ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk”, - deyə Bəyannamədə bildirilir.  

   Forum xalqlar arasında dialoqun inkişafına zəmin yaradır
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır. Bu sözləri Forumda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
   İSESCO-nun baş direktoru Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib: “Bu cür forum və konfransların təşkili ilə Azərbaycan dünyada sülhə, əmin-amanlığa öz töhfəsini verir”.    

   Azərbaycan Avropa ilə Asiya arasında körpüdür
   
   Forumun beynəlxalq formatı çox vacib olan əsas mövzu ilə tam uzlaşır. Ölkələrin hərtərəfli inkişafı və müasirləşməsi zamanı biz unutmamalıyıq ki, insanın intellektini maarif və mədəniyyət formalaşdırır. Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev deyib. O, bildirib ki, belə bir Forumun məhz Azərbaycanda keçirilməsi çox əlamətdardır. Azərbaycan doğrudan da Avropa ilə Asiya arasında körpüdür.
   A.Avdeyev vurğulayıb ki, Azərbaycan prezidentinin müdrikliyi, düşünülmüş siyasəti Forumu başlıca məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün gərəkli bir məkana çevirib.