“Təkcə Bakıda açılan və açılacaq hotellərin adlarını sadalamaq kifayətdir ki, hamı görsün, doğrudan da Azərbaycan elitar turizm mərkəzinə çevrilir”
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən dövlət başçısı bildirib ki, ilin əvvəlindən ölkə iqtisadiyyatında inkişaf tempi davam edib, xüsusilə qeyri-neft sektorunda yüksək artım (8,2 faiz artım) qeydə alınıb.
Prezident vurğulayıb ki, növbəti 10 ildə bu sahədə başlıca hədəf ümumi daxili məhsulun ən azı iki dəfə artırılmasıdır. Bu artım ilk növbədə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməlidir.
Dövlət başçısı bu xüsusda turizmin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Bu il Azərbaycanda “Turizm ili” elan edilmişdir. Bu sahədə inkişaf daha da sürətlə gedir və Azərbaycana gələn turistlərin sayı artır. Mən hesab edirəm ki, bu gün Azərbaycan və Bakı artıq dünyada sürətli inkişaf edən ölkə və şəhər kimi tanınır. Yüksək səviyyəli infrastrukturun mövcudluğu imkan verir ki, biz daha çox yüksək səviyyəli turizm imkanlarımızı təqdim edək. Təsadüfi deyil ki, Bakıda və bölgələrdə daha çox beşulduzlu hotellər tikilir və tikiləcəkdir. Dağ-xizək kurortunda da beşulduzlu hotellər tikilir, digər bölgələrdə də. Yəni, hesab edirəm ki, dünya turizm xəritəsində biz daha çox yüksək səviyyəli turizm ilə fərqlənə bilərik.
Coğrafi vəziyyətimizi, şəhərin gözəlliyini və təbii imkanlarımızı nəzərə alaraq mən çox istərdim ki, elitar turizmin mərkəzlərindən biri də Bakı və Azərbaycan olsun. Mən bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə tövsiyələrimi vermişəm. Əlbəttə ki, bunu bazar, özəl sektor tənzimləyəcəkdir. Ancaq beşulduzlu 6 otelin Bakıda 1-2 ilə tikilməsi də onu göstərir ki, investorlar və dünya brendləri məhz Bakını elitar turizm mərkəzi kimi görürlər. Bu, bizi çox sevindirir. Hesab edirəm ki, biz bu sahədə artıq dünya miqyasında özümüzə layiq yeri tutmağa başlamışıq. Sadəcə bu il və gələn il Bakıda açılan və açılacaq hotellərin adlarını sadalamaq kifayətdir ki, hamı görsün, doğrudan da Bakı, Azərbaycan elitar turizm mərkəzinə çevrilir. Bu il Bakıda “Kempinski” və “Hilton” hotelləri açılmışdır. Yaxın aylarda “Marriot”, “For season”, “Feermond” və “Cümeyra” otelləri açılacaqdır.
Bununla bərabər, bölgələrdə də müasir otellərin tikintisi prosesi gedir. Mən bu vəziyyətlə tanış oluram. Bu il Naftalanda ən yüksək səviyyədə iki gözəl hotel tikilmişdir, Qəbələdə hotellər tikilir. Bu yaxınlarda Qubada olarkən gördüm ki, orada beşulduzlu hotelin tikintisi uğurla gedir. Şamaxıda, Lənkəranda, digər bölgələrdə, yəni hər bir bölgədə. Biz təbiəti zəngin, bütün iqlimlərin olduğu ölkədə yaşayırıq, bütün təbii şəraitimiz vardır. Çox şadam ki, biz son illər ərzində bu təbii vəziyyətdən çox səmərəli şəkildə istifadə edirik”.
Prezident bu yaxınlarda tarixi şəhərlərin - Şəki və Şamaxının inkişafı ilə bağlı sərəncamlar verildiyini, bu istiqamətdə işlərin davam edəcəyini deyib: “Bütövlükdə hər bir rayonun inkişafı ilə bağlı bizim konkret təkliflərimiz, planlarımız, proqramlarımız vardır. Bununla bərabər, Azərbaycanın tarixi şəhərlərinin yüksək səviyyədə abadlaşdırılması üçün mənim tərəfimdən bu yaxınlarda sərəncamlar verilmişdir. Şəki və Şamaxı şəhərlərinin abadlaşdırılması ilə bağlı hər birinə 5 milyon manat vəsait ayrılmışdır. Bu, ilkin ödəmələrdir, bundan sonra da olacaqdır. Gələcəkdə başqa tarixi şəhərlərin inkişafı ilə əlaqədar vəsait ayrılacaq və xüsusi sərəncamlar imzalanacaqdır. Hər bir rayon, hər bir kənd mənim üçün əzizdir, doğmadır. Ancaq ölkəmizdə elə şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Bu şəhərlərə və orada olan tarixi abidələrə əlbəttə ki, xüsusi diqqət göstərilməlidir. Tarixi şəhərlərimizi elə bərpa etməliyik ki, qədimliyini də, simasını da saxlasın, eyni zamanda, müasirləşsin və gəncləşsin”.