Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi qalereyasında tanınmış rəssam Marqarita Kərimova-Sokolovanın miniatür silsiləsindən ibarət “100 AN” adlı sərgi açıldı. Rəssamın 70 illik yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Qalib Qasımov Marqarita Kərimova-Sokolovanın təsviri sənətdə özünəməxsus yeri olduğunu bildirdi, müəllifi təbrik etdi.
   Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Səlhab Məmmədov təbrik sözü ilə çıxış edərək Marqarita Kərimova-Sokolovanın Azərbaycan təsviri sənətini xaricdə uğurla təmsil etdiyini vurğuladılar. Müəllif də çıxış edərək doğma vətəninə olan sevgisindən danışdı.
   Çıxışlardan sonra sərginin açılışı oldu. “100 AN” adlı ekspozisiya üç hissəli silsilədən ibarətdir: “Gül düsturları”, “Həvva” və “Karnaval dünyası”. Maraqlı əsərlərlə zəngin sərgi oktyabrın 29-a qədər davam edəcək.
   Qeyd edək ki, tanınmış Azərbaycan rəssamı Marqarita Kərimova-Sokolova UNESCO Dünya Federasiyasının və Rusiya İncəsənət Akademiyası beynəlxalq bədii fondunun üzvüdür. Rəssamın bir çox ölkələrdə sərgiləri keçirilib, əsərləri bir çox ölkələrin muzeylərində, qalereyalarında və fərdi kolleksiyalarda saxlanılır. Rəssam 1995-ci ildən Almaniyanın Köln şəhərində yaşayır.

   Reyhan