12 iyul böyük satirik şair Mirzə Ələkbər Sabirin xatirə günüdür
   
   Yəni sözün bütün mənalarında yaşayan Mirzə Ələkbər Tahirzadə - daha dəqiqi, ədəbiyyatımızın SABİR brendi! O, sələfi ustad Məhəmməd Füzulinin “Ver sözə ehya!” ədəbi hökmünü pöhrə ömründə qələminin virdinə çevirdi. Öncə sözü diriltdi. Diri sözün də vəzifəsi, təbii ki, “xəlqi oyatmaq” olmalı idi və belə də oldu...
   
   Mollam da döyür...
   
   etiraz-münasibətiylə hələ on yaşında bardaş qurub gözünü gözünün içinə zillədiyi mollaların sitəmindən dad-aman eləyən Ələkbər Tahirzadə “Sabir” olmaq üçün çox da səbr edə bilməzdi. Elə ilk misri misralarındaca “cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını” bəlli etməyə başlamışdı. Bu onun mühiti haqqında ilkin və obyektiv qənaətləri idi. Sonra bir qəzəlində yazırdı:
   
   Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
   Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!
   
   Böyük satirik ədəbiyyat və mətbuat cəbhələrində “Sabir” nam-nişanı ilə məşhur olsa da, dövründəki nöqsanlara səbirlə yanaşmadı, əksinə, qırmanc-qələmini bir an belə dincə qoymadı. Sabir satira ilə “silahlandıqdan” sonra yalnız “qəmi-hicranə dözə” bilərdi. Millətinin işıqlı, etibarlı gələcəyi məsələsində isə səbir və dözümə yer yox idi. O da qeyd olunmalıdır ki, Sabir satirik cəbhəyə keçməzdən öncə Məhəmməd Füzuli və müəllimi Seyid Əzim Şirvaninin təsiri ilə qəzəllər yazmışdı. Yüksək şövqlə qələmə alınan on beşə yaxın qəzəlində klassik ənənədən gələn, amma yüksək ifadə özəlliyinə, məna gözəlliyinə malik nümunələr yaratmışdı. Ancaq mühitin yaraları üçün qəzəliyyat müəyyən mənada effektini itirmişdi. Elə o forma və üslubda, lakin fərqli ruh və mövzuda nişangahı mövhumata döndərmək lazım idi. Sabir də bu böyük milli-demokratik düşüncə naminə fürsəti əldən vermədi. 

   Çətin günlərin şairi
   
   Sabir məşhur “Ax!.. Necə kef çəkməli əyyam idi!” satirasının bir bəndindəcə Azərbaycan ellərinin problemlərini, görün, necə dəqiqliklə sıralayırdı:
   
   Öz həqi-məşruini bilməzdi el,
   Çöhreyi-hürriyyətə gülməzdi el,
   Gözlərini bir kərə silməzdi el,
   Qəztəyə, jurnalə əyilməzdi el,
   Daim eşitdikləri övham idi,
   Ax!.. Necə kef çəkməli əyyam idi!
   
   Biçarə soydaşlarının “Qoyma gəldi!” fəryadından, “Oxutmuram, əl çəkin!”, “Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım” biganəliyindən, “Mən gözləmərəm buğda çıxar, ver bəbəyindən”, - deyən çar məmurlarından, “övladi-vətənin xamlığını” can-dildən arzulayan saxta dindarlardan və inkişafı qandallayan, yazmaqla bitməyən digər mətləblərdən danışırdı Sabir.
   “Həqiqi “Molla Nəsrəddin” şairi” kimi qiymətləndirilən böyük satirik Azərbaycanın o zamankı maarifçi-demokratik qüvvələri ilə təmas quraraq xalqın taleyi barədə ciddi ideyalar alış-verişində olurdu. Sabirin Abdulla Şaiq, Abbas Səhhət, Ağəli bəy Naseh, Məhəmməd Tərrah, Məhəmməd Hadi, Firudin bəy Köçərli, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər millət fədailəriylə hər görüşü gələcək milli inkişafın konturlarını müəyyənləşdirməyə imkan verirdi. Satirik hədəflərin qiymətləndirilib aradan qaldırılmasında belə ünsiyyətlərin xüsusi əhəmiyyəti vardı.
   Sabir dövrün sosial, ictimai-siyasi proseslərinə kifayət qədər həssas münasibət göstərirdi. Təkcə Vətəninin dərd-səri ilə uğraşmırdı. İranda, Osmanlı dövlətində, eləcə də Qafqazda baş verən hadisələri əsərlərinin leytmotivinə çevirir, diqqəti bu olayların milli oyanışımıza təsir imkanlarına yönəldirdi. Həmçinin elmin, təhsilin, mətbuatın missiyasına, onun görəcəyi işlərə içdən inanırdı. Bu inamı ilə o, “Şərqi-Rus”, “Həyat”, “Günəş”, “Həqiqət” və s. qəzetlərdə, “Molla Nəsrəddin”, “Zənbur”, “Yeni füyuzat” və digər dərgilərdə janr-üslub baxımından bir-birindən təsirli bədii nümunələr yaradırdı.
   
   Meyar satirik
   
   Sabir ədəbiyyatda, mətbuatda elə bir iz açmışdı ki, həm müasirləri, həm də sonrakı nəsillər onun bənzərsiz sənətinin ucalığını, Vətən və millət qarşısındakı misilsiz xidmətlərini həmişə fəxrlə vurğulayıblar. Satirik poeziyada Sabir hətta bir meyar olaraq qəbul edilib. Belə ki, qəlb və məslək dostu A.Səhhət Sabir satiralarının İran inqilabındakı rolunu bir ordunun imkanlarından üstün qiymətləndirirdi. Ustad Mirzə Cəlilsə alovlu satirik Əli Nəzmi Məmmədzadəni “ikinci Sabirimiz” adlandırır, onun 1927-ci ildə nəşr olunan “Sijimqulunamə” kitabının müqəddiməsində yazırdı: “Biz həqiqi “Molla Nəsrəddin” şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sijimqulunu axtarırdıq”. Onlar sorağında olduqlarını tapmışdılar. Biz isə Sabirsizliyin xiffətini uzun əsrlər çəkəcəyik... Çünki çağdaşlarımızdan Sabirdən umu-küsü edənlər də tapılır:
   
   ... Yatılı qoyub getdin nə əcəb qəflətdə bizi,
   Yandırmadın axıradək bir şam-çıraq millətinə!..
   
   Sabirə açılan atəş
   
   Mirzə Ələkbər Sabir Azərbaycan satirik şeirinə ilk dəfə olaraq taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab kimi janrları gətirmişdir. Forma və janrından asılı olmayaraq, onun qələmə aldığı hər bir əsərin konkret ünvanı, islah və təhrikedici gücü var. Mollaların, çar məmurlarının “çarığına daş salan” da məhz bu satiralar deyildimi?! Sabiri dinsiz adlandıranlara “yox yeni bir dinə yəqinim mənim”, “sahibi imanəm”, “köhnə müsəlmanəm”, “haqsevən insanəm”, “qaili-Quranəm”, - deyə dönə-dönə səslənsə də, bəsirət gözü bağlanmışlar ona zərrə qədər inanmadılar. Bu misralardan halı olanlar necə inanardılar axı?!
   
   Mollalar, taleyiniz oldu əcəb yar bu gün,
   Misyonerlər də bizə çıxdı həmvar bu gün!
   O ki məktəbləri məhv etmək idi niyyətimiz,
   Yox idi əldə və lakin ona bir qüdrətimiz.
   Məktəb artdıqca azalmaqda idi sənətimiz.
   Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,
   Arkadaşlar, sevinin, oldu rəva hacətimiz!
   
   Sabirin şirin ləhcəsini, həlim xasiyyətini, ən əsası isə Vətənin istiqbalı üçün döyünən qəlbini görən, hiss edən Azərbaycan övladları ondan necə ayrıla bilərdilər?! Bu ülviyyətə, ünsiyyətə, “xəlqi həqiqət”ə çağırışa gələnlərin qarşısını almaqmı olardı?..
   Balaxanı məktəbinin qarşısında düzənlənən mitinqdə Sabirə açılan atəş əslində bütün sağlam, müasir milli düşüncəli Vətən övladlarına tuşlanmışdı. Muzdla tutulmuş bu cahil o zaman Sabirə fiziki xəsarət yetirə biməsə də, böyük şair çox ciddi mənəvi zədəyə məruz qalmışdı. Bu fəci hadisədən sonra Sabir bir daha özünə gələ, əvvəlki həyat ritmini bərpa edə bilməmişdi. Necə rahatlıq tapa bilərdi?! Hətta “sümüklərini də xalqının yolunda əritməyə” hazır olan, əməli işiylə bunu isbatlayan bir vətəndaş şairə atəş açmaq elə həqiqəti məhv etmək deyildimi?!
   
   Əl götür məndən, təbib!

   
   Vaxtilə görkəmli yazıçı Süleyman Rəhimov böyük demokrat Mirzə Cəlil haqqında yazırdı: “Kim deyir ki, Mirzə Cəlil gülüb, yanılır. Azərbaycan torpağında hələ belə ağlayan olmayıb”. Sabiri “ağlar-güləyən” adlandıranlar da ifadənin ağırlığını birincinin üzərinə salırdılar. Çünki dağa bənzər şairin gülüşü onun narahatlıq və kədərinin satira formasında təzahürü idi. Ancaq həssas ədibin vücudu “arizi-qəmlər əlindən” müqavimətini itirirdi. Xalqının qarşısında həmişə üzüağ olan şairin “üzü qarə ciyəri” vətənin dərdlərinin ağırlığından cismani ölümə (!) təslim olurdu...
   
   Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib,
   Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

   
   Sabir bu misraları satiraya “yoluxmazdan” öncə qələmə almışdı. Heç ağlına da gəlməzdi ki, zaman yetişər, həkimlər, sözün həqiqi mənasında, dərdinə çarə edə bilməzlər. Öncə Bakıda səhhət arayışında olan biçarə şair Şamaxıya üz tutmuşdu. Sonra ağrıların şiddətindən Tiflisə pənah apardı (1918-ci ildə də milli özünütəsdiqimiz üçün çarəsizlikdən oranı seçmişdik). Ancaq dərd möhkəm əymişdi vətəndaş şairi. Bu dəfə bir daha səfərə çıxmamaq şərti ilə Şamaxıya qayıtdı. Vətənin “sönmüş şamına da pərvanə olan” şair “seyli-bəla”da qərq oldu. O, cismən bu dünyanı tərk elədi ki, “aləmi-mənada diri” qalsın!.. Ruhunun daim ehtiramında olan
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar