Xalq yazıçısı, dramaturq və ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, akademik Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar respublika miqyasında keçirilən tədbirlər sırasına biri də əlavə olundu.
   
   Mədəniyyət və İncəsənət Universitetində keçirilən növbəti elmi konfrans bu əlamətdar yubileyə həsr olunmuşdu. Konfransı giriş sözü ilə açan ADMİU-nun tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Sadıqov ədəbiyyat tariximizdə, xalqımızın mənəvi tərbiyəsində, mədəni inkişafında əvəzsiz rol oynamış istedadlı sənətkarın 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığını nəzərə çatdırdı. Bu sərəncamın dövlət tərəfindən mədəniyyətimizə, ədəbi irsimizə göstərilən diqqətin nümunəsi olduğu vurğulandı.
   Sonra, M.İbrahimovun həyat və yaradıcılığını əks etdirən sənədli video-film nümayiş olundu. Universitetin “Rejissor sənəti” fakültəsinin hazırladığı, Xalq yazıçısının geniş siyasi-ictimai fəaliyyətini, həyatını yığcam, təsirli boyalarla təqdim edən film konfrans iştirakçılarına xoş təsir bağışladı.
   “Mirzə İbrahimov şəxsiyyəti” mövzusunda məruzə ilə çıxış edən “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aqşin Babayev unudulmaz yazıçımızın elmi, bədii irsini, çoxşaxəli fəaliyyətini işıqlandırmaqla yanaşı, onun insani xüsusiyyətlərindən də söhbət açdı, şəxsi xatirələrini dilə gətirdi.
   “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı, “Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı-publisist Flora Xəlilzadə sənətkarla bağlı xatirə və düşüncələrini bölüşdülər.
   Universitetin müəllimi, əməkdar jurnalist Zakir Abbas Mirzə İbrahimovun yaradıcılığından ən seçmə, yaddaqalan epizodları, eləcə də onun siyasi-ictimai fəaliyyəti illərində qəhrəmanlıq sayıla biləcək addımlarını misal gətirdi.
   ADMİU-nun IV kurs tələbəsi Aysel Abbasova da M.İbrahimovun yaradıcılığının gənclər üçün örnək olmasından danışdı, “Böyük dayaq” romanının motivləri əsasında çəkilən bədii filmin doğurduğu müsbət, duyğulu assosiasiyaları heç zaman unutmayacağını söylədi.
   Yazıçının qızı, bəstəkar, Xalq artisti Sevda İbrahimovanın atası ilə bağlı xatirələri, böyük sənətkarın ailə başçısı, ata kimi ülvi məziyyətlərini dilə gətirərkən keçirdiyi hiss və həyəcan hamını duyğulandırdı. S.İbrahimova 10 il əvvəl, atasının 90 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalamış ulu öndər Heydər Əliyevin ruhuna rəhmət dilədi, yazıçının 100 illik yubileyi münasibəti ilə imzaladığı sərəncama görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
   
   İ.Mehdizadə