Mirzə İbrahimov - 100
   
   Noyabrın 24-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, görkəmli ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi. Tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkilləri, mədəniyyət xadimləri, elm adamları, ədəbi ictimaiyyətin nümayəndələri iştirak edirdi.
   
   Ölkə prezidentinin “Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 19 iyul 2011-ci il tarixli sərəncamına əsasən təşkil olunan yubiley gecəsini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev acaraq ədibin zəngin irsindən, mədəniyyət və ədəbiyyat tariximizdəki xidmətlərindən danışdı. Qeyd etdi ki, Mirzə İbrahimovun şəxsiyyətində, yaradıcılığında üç xüsusiyyət cəmləşmişdi: istedad, intellekt, zəhmət. Nazir vurğuladı ki, Mirzə İbrahimovun 100 illiyinin qeyd olunması ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncam dövlətimizin mədəni irsimizə, ədəbiyyatımıza diqqətinin bariz nümunəsidir.
   Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Mirzə İbrahimovun milli ədəbiyyatımıza töhfələri, ana dilimizin qorunması yolunda yorulmaz fəaliyyətindən danışdı.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Mirzə İbrahimovun böyük yazıçı və böyük şəxsiyyət olduğunu bildirərək, onun hər zaman gənc yazarlara dəstək olduğunu dedi.
   Yubiley gecəsində akademik Teymur Bünyadov, millət vəkili Sabir Rüstəmxanlı, millət vəkili Elmira Axundova böyük insan, böyük ziyalı, böyük yazıçı Mirzə İbrahimovun həyat və yaradıcılığından danışdılar. Yubiley gecəsində yazıçının pyeslərindən parçalar təqdim olundu, tanınmış musiqiçilərin ifaları səsləndirildi və yazıçı ilə bağlı filmlərdən fraqmentlər nümayiş olundu.
   Gecənin sonunda Mirzə İbrahimovun ailəsi adından qızı, Xalq artisti, professor Sevda İbrahimova çıxış edərək ədibin yubileyinin yüksək səviyyədə qeyd olunmasına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi, tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdi.
   Qeyd edək ki, Milli Dram Teatrının foyesində Mirzə İbrahimovun kitabları, ədibin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş olundu.
   
   Təranə Vahid