Hökumətlərarası Komitənin sessiyasında ermənilərin aşıq sənətinə iddialarının qarşısı alınıb
İndoneziyanın Bali adasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 6-cı sessiyası keçirilib. Noyabrın 20-də işə başlayan tədbirdə ölkəmiz də təmsil olunub. Xatırladaq ki, Azərbaycan 2010-cu ildə Hökumətlərarası Komitənin dörd illik müddətinə üzvü seçilib.
Hökumətlərarası Komitənin budəfəki sessiyasında isə ölkəmiz bu beynəlxalq qurumda daha bir nailiyyət qazanıb. Noyabrın 29-da, sessiyasının sonuncu günündə komitənin yeni prezidenti, dörd vitse-prezidenti və məruzəçisinin seçkiləri keçirilib. Ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyindən bildiriblər ki, səsvermə nəticəsində Qrenada komitənin sədri, Azərbaycan, İran, Madaqaskar və Mərakeş vitse-prezidentlər, İspaniya isə məruzəçi seçilib. İclasda qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyasının Qrenadada keçirilməsi qərara alınıb.
Bununla yanaşı, komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, ölkəmizin iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiyadan keçirilməsi tövsiyə edilib. QHT-lərin akkreditasiyası qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin 2012-ci ildə keçiriləcək Baş Assambleyasının dördüncü sessiyasında gerçəkləşəcək.
* * *
Hökumətlərarası Komitənin sessiyasında qeyri-maddi mədəni irsin qorunma siyahısına təqdim edilmiş nominasiyalar müzakirə edilib. Nominasiyalar arasında Ermənistan tərəfindən təqdim edilən “Erməni Aşıq sevgi romansı ənənəsi” və “Erməni su festivalı Vardavar” adlı fayllar da olub.
Müzakirə zamanı Ermənistanın təqdim etdiyi nominasiyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi, aşıq sənətinin Ermənistan tərəfindən mənimsənilməsinə cəhd olunduğu və Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu Komitənin üzvlərinə çatdırılıb. Erməni tərəfin bu cəhdinin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və UNESCO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, Komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər.
Qeyd edək ki, oktyabr ayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO katibliyinə müraciət edərək Ermənistanın təqdim etdiyi sənədlərdə Azərbaycanın mədəni irsinə qarşı saxtakarlıq fəaliyyətinin olduğu və təqdim olunan nominasiyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın şərtlərinə uyğun gəlmədiyini nəzərə çatdırmışdı. Müraciətdə aşıq sənətinin xalqımızın zəngin mədəni irsinin bir nümunəsi olduğu və 2009-cu ildə Azərbaycan Aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi də göstərilmişdi.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyin birgə fəaliyyəti nəticəsində erməni tərəfin təqdim etdiyi sənədlər öncədən də UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Ekspert Komitəsinin müsbət rəyini ala bilməmişdi. Beləliklə, Ermənistanın “Aşıq sevgi romansı” və “Vardavar su festivalı” fayllarını UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə təcili qorunma siyahısına daxil etmək cəhdləri baş tutmayıb. Bu, Ermənistanın saxtakarlıq fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən öz layiqli cavabını almasının bir daha bariz nümunəsidir.
Qeyd edək ki, Hökumətlərarası Komitənin iclasında ölkəmizi UNESCO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova təmsil ediblər.