Noyabrın 25-də “Art Qarden” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Nümunə” nəşriyyatında ingilis dilində nəfis şəkildə çap olunan “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabının və eyniadlı diskin təqdimat mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev “Azərbaycan nağılları”nın ingilis dilində nəşr olunmasını mədəni həyatımızda əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, dünya klassik ədəbiyyatından nümunələrinin tərcümə olunaraq Azərbaycan oxucusuna çatdırılması ilə yanaşı Azərbaycan ədəbiyyatı nümunələri, o cümlədən folklor ədəbiyyatımız da xarici dillərə tərcümə olunub dünyada yayılmalıdır. Qeyd olundu ki, ölkə başçısının sərəncamı ilə bu sahədə böyük işlər həyata keçirilir.
   “Azərbaycan nağılları”nın ingilis dilində nəfis şəkildə çap olunmasını bu istiqamətdə atılan uğurlu addımlardan biri kimi dəyərləndirən V.Əliyev kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirdi.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu gənc nəslin düşüncə tərzinin formalaşmasında nağılların xüsusi əhəmiyyətini, dünya nağılları içərisində Azərbaycan nağıllarının özünəməxsus yeri olduğunu qeyd etdi. Bu gözəl nümunələrin ingilis dilinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasını uğurlu addımlardan biri kimi qiymətləndirdi.
   “Azərbaycan nağılları” kitabının layihə rəhbəri Leyla Əfəndiyeva, rəsmlərin müəllifi Xalq rəssamı Arif Hüseynovdur. Nəşrin audiodiskində nağılları ingilis dilində Selia Devis (İngiltərə) səsləndirib.
   Təqdimat mərasimində çıxış edən rəssam Arif Hüseynov kitabda toplanan 29 nağıla 40 illüstrasiya çəkdiyini bildirdi: “Azərbaycanda ilk dəfə belə bir layihə həyata keçirilir. Bu, kitab sahəsində böyük uğurdur. Nəşrdə əməyi keçən, dəstəyi olan hər kəsə təşəkkür edirəm. Onu da deyim ki, nağılları bir uşaq vaxtında, bir də yaşlı vaxtı oxuyurlar. İllər keçəndən sonra nağılları oxuyanda başqa fəlsəfə yaranır. Hesab edirəm ki, divin “kim yatmış, kim oyaq” sualı bu gün üçün aktualdır. Kim oyaqdırsa, yaxşıdır, yatanlarsa heç kimdən inciməsin”.
   Layihənin rəhbəri Leyla Əfəndiyeva kitabın yaranma ideyasından danışdı: “Bu gün bizim üçün çox əlamətdar bir gündür, artıq Azərbaycan nağılları ingilis dilində oxuculara təqdim olunur. Mədəniyyət və Turizm Nazirliyi bu layihənin gerçəkləşməsinə böyük dəstək verdi. Peşəkar bir komanda yarandı və nəfis tərtibatlı, gözəl kitab ərsəyə gəldi. Sonra nəşrin audiodiskini də hazırladıq”.
   Leyla Əfəndiyeva bildirdi ki, kitabın üz qabığı dəridən hazırlanıb və milli ornamentlərlə bəzədilib. Qədim nəşrləri xatırladan kitabın dizaynı “Əfəndi” dizayn studiyasına məxsusdur. Onu da qeyd edək ki, nəşr yeni işıq üzü görsə də, artıq Frankfurt və İstanbulda keçirilən kitab sərgilərində nümayiş olunub. Kitab satış üçün nəzərdə tutulmayıb, xarici ölkə səfirliklərinə, diplomatik korpuslara hədiyyə ediləcək.
   Azərbaycanın ən məşhur nağıllarının toplandığı kitabın tərcüməçiləri Yen Peart (İngiltərə) və Səadət İbrahimovadır. Əlamətdar gündə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin xarici dillər kafedrasının baş müəllimi, tərcüməçi Səadət İbrahimova ürək sözlərini belə ifadə etdi:
   - Bir xalqın folklorunu, mədəniyyətini başqa bir xalqa təqdim eləmək olduqca çətindir. Bu bizim birinci layihəmiz deyil, həyat yoldaşım Yen Peart ilə çox maraqlı layihələr üzərində işləmişik. Leyla Əfəndiyeva tərəfindən bu təklifi məmnuniyyətlə qəbul etdik. Çox peşəkar komanda ilə işlədik. Təbii ki, nağılları başqa dilə tərcümə eləmək o qədər də asan deyil. Nağıllarda həddindən çox təsvirlər, ləhcələr, dialektlər var. Biz 72 nağıldan 29-nu seçib bu kitaba saldıq. “Cırtdan”, “Tənbəl Əhməd”, “Ağ atlı oğlan”, “Oxxayın nağılı”, “Sehrli üzük” və başqa neçə gözəl nağıllarımızı tərcümə etdik.
   Bizim tərcümələrin effektivliyi ondadır ki, mən nağıllarımızı tərcümə edirəm, həyat yoldaşım onları birbaşa ingilis üslubunda yazır, obrazlı şəkildə oxucuya çatdırır. O, həm də dilçidir, bu sahənin mütəxəssisidir. Mən tam əminəm ki, avropalı oxucu bu nağılları sevə-sevə oxuyacaq və böyük zövq alacaq.
   Tədbirdə qeyd olundu ki, nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətdə çap olunan kitabın ikinci hissəsi də işıq üzü görəcək.
   
   Təranə Vahid