İyulun 5-də İsveçdə yaşayıb fəaliyyət göstərən soydaşımız, yazıçı-publisist Eluca Atalının (Mədinə İxtiyar qızı Hüseynova) “Bir udum azadlıq” və “Gecikmiş oyuncaq” kitablarının təqdimat mərasimi keçirildi. Tədbirdə alimlər, yazıçılar, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak edirdi.
   Mərasimi hər iki kitabın redaktoru, Əməkdar jurnalist Əntiqə Qonaq açaraq Eluca Atalını 20 ildir tanıdığını, sıx dostluq əlaqələri olduğunu dedi, yazıçının həyat və yaradıcılığından danışdı. Bildirildi ki, Eluca Atalı 12 yaşından şeirlər yazmağa başlayıb, sonralar ədəbiyyata fəlsəfi-bədii miniatür janrını gətirib. Bu janrda hekayə, esse, mənsur şeirlər yazıb, yüzlərlə publisistik əsəri ölkəmizdə və xaricdə çap olunub. Yazıçının müxtəlif illərdə “Adamdan üstün”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq” və s. kitabları işıq üzü görüb.
   Tarix elmləri doktoru, professor Dilavər Əzimli, Bakı Dövlət Universitetinin baş müəllimi Sona Çərkəz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şəhla Gündüz, müəllifin əsərlərini ingilis dilinə tərcümə edən Sevil Gültan və başqaları çıxış edərək Eluca Atalının şəxsi keyfiyyətlərindən, ictimai fəallığından, əsərlərinin məziyyətlərindən bəhs etdilər. Qeyd olundu ki, yazıçı hələ gənclik çağlarında, 1990-cı illərin təlatümlü günlərində orijinal yazı-üslub manerası ilə diqqəti özünə cəlb edə bilib. Müxtəlif mətbu orqanlarda dərc olunan məqalələrində xalqımızı inamlı olmağa, gücünü birləşdirməyə səsləyib, azad ruhu, milli ovqatı möhkəmləndirməyə çağırışlar edib. O, hazırda demokratik düşüncəsi, azadlıq sevdası ilə həm də Güney Azərbaycandakı həmvətənlərimizin problemlərinin gündəmə gətirilməsinə ciddi səy göstərir.
   Eluca Atalının yeni nəşr olunan “Bir udum azadlıq” və “Gecikmiş oyuncaq” kitablarının tərtibçiləri Babək Azad, Birüz Atalı, rəssamı Sultandır. “Bir udum azadlıq” kitabında müəllifin iyirmi illik yaradılıcılığından seçilmiş esse, fəlsəfi-bədii miniatür, hekayə və povestləri yer alıb. Əsərlər mövzu baxımından rəngarəng və aktual, ideya-sənətkarlıq cəhətdən isə kamil nümunələrdir. Müəllifin “Qan içində yananım” hekayəsində Xocalı qətliamından, “Yenidən doğuş” povestində isə Güney Azərbaycandakı azadlıq hərəkatından bəhs olunur. Müəllif azadlığını əldə etmiş insanın özünə sahiblik hissini önə çəkir.
   “Gecikmiş oyuncaq” kitabında isə müəllifin əsasən uşaqlar üçün yazdığı hekayələr və uşaq psixologiyası ilə bağlı etdiyi müşahidələr əsasında qələmə aldığı əsərlər toplanıb. Yeni nəşrdəki “Gecikmiş oyuncaq” povestini müəllifin öz tərcümeyi-halı da hesab etmək olar. Əsərdə zərurət və təsadüfün 40 il müddətində qəhrəmanı bir kabus kimi izləməsindən bəhs olunur.
   Təqdimat mərasimində çıxış edən müəllif təşkilatçılara minnətdarlığını bildirdi, iştirakçıları maraqlandıran sualları cavablandırdı.
   Qeyd edək ki, Eluca Atalı 1966-cı ildə Neftçala rayonunun Xolqarabucaq kəndində doğulub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Hazırda İsveçdə yaşayır, bədii yaradıcılıq və jurnalistika ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurla fəaliyyət göstərir.
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar