Sumqayıt Dövlət Musiqili Dram Teatrında tematik gecə
   
   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının zalında “Şuşanı xatırlayarkən...” adlı tematik gecə keçirilib.
   
   Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.
   Öncə tədbir iştirakçıları öz rəsmlərində doğma Şuşanın əlamətdar yerlərini bacarıqla əks etdirmiş rəssam Rövşən Bayramovun işlərindən ibarət sərgi ilə tanış olublar.
   Teatr truppası “Şuşanı xatırlayarkən...” adlı bədii kompozisiya təqdim edib. Gecə ümummilli lider Heydər Əliyevin 1996-cı ildə rayon ictimaiyyəti ilə görüşündəki çıxışını əks etdirən videoxronika kadrlarının nümayişi ilə başlayıb. Səhnədəki dekorasiyalar tədbirin iştirakçılarını unudulmaz dövrlərə aparıb, bu möcüzəli diyarın - avropalıların “Qarabağın Qüdsü” adlandırdıqları Şuşanın yaranması və inkişafı xronologiyasını yada salıb.
   Öz ipəyi, daş döşənmiş küçələri, böyük daş imarətləri, əlvan xalıları və cins atları ilə şöhrət qazanmış Şuşanı əks etdirən rəsmlər səhnədə bir-birini əvəz edib. Tamaşaçılar qarşısında Şuşanın görkəmli şəxsiyyətlərinin obrazlar qalereyası canlandırılıb: Xurşidbanu Natəvan, Əbdürrəhimbəy Haqverdiyev, Qasımbəy Zakir, Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Yusif Vəzir Cəmənzəminli, Səməd bəy Mehmandarov, Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Fikrət Əmirov, Rəşid Behbudov.…
   Aktyorlar məşhur fransız yazıçısı Aleksandr Dümanın Xurşidbanu Natəvanla - Qarabağın axırıncı xanı Mehdiqulunun qızı, Pənahəli xanın nəvəsi ilə görüşünü səhnələşdiriblər. Şairə qonağa öz əlyazmalarından birini hədiyyə verir, Düma isə cavabında ona gözəl bir şahmat bağışlayır. Gecə Şuşa xalq çalğı alətləri ansamblının təqdimatında səslənən muğam musiqisi ilə yekunlaşıb.