Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası
İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisindəki tarix-mədəniyyət abidələrinin vəziyyəti müzakirə olundu
Tarix və mədəniyyət abidələrinin mühafizəsi və geniş miqyasda tanıdılması günün vacib tələblərindəndir. Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin «Turizm ili» elan edilməsi və maddi-mədəni irslə bağlı turizm marşrutlarının yaradılması xalqın maddi varlığının sübutu olan bu nümunələrin təbliğində də yeni tələblər formalaşdırır.
Mədəniyyət və Turizm Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclası məhz bu məsələlərə həsr olunmuşdu. İsmayıllı, Qəbələ və Oğuz rayonlarının ərazisində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin texniki vəziyyətinə həsr olunmuş kollegiyada ümumilikdə abidələrin konservasiya və təmir-bərpası məsələləri barədə geniş müzakirələr aparıldı.
İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı məsələlər barədə danışdı. Qeyd olundu ki, son 10 ildə 40-dək abidədə bərpa-konservasiya işləri aparılıb. Bundan əlavə, 50-dən çox abidənin layihə-smeta sənədləri hazırlanıb. Nazir 2000-ci ildə Bakının çoxəsrlik tarixi hissəsi olan İçərişəhər «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix-memarlıq qoruğu və Qız qalası ilə birgə, 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsini əlamətdar hal kimi dəyərləndirdi, tarixi-mədəni irsimizin yüksək səviyyədə təbliği, dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu vurğuladı.
“Xalqın, dövlətin gücü onun tarixi köklərində, onların göstəricisi olan tarixi incilərdədir” deyən Ə.Qarayev bildirdi ki, biz bu gün milli-mənəvi dəyərlərdən, azərbaycançılıq təfəkküründən danışarkən məhz bu nümunələrə istinad edirik.
Müstəqilliyimizin ilk dövründə abidələrin qorunması və bərpasına yetərli maliyyə vəsaiti ayırmağın mümkün olmadığını deyən nazir son illər bu sahəyə diqqətin artdığını dedi. 2006-cı ildə mədəniyyət və turizmin bir nazirlikdə birləşməsi tarixi abidələrin təmir-bərpası işinə də müsbət təsir göstərib.
Nazir yeni aşkarlanan tarixi abidələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərdən də danışaraq bu sahədə müəyyən problemlər olduğunu dedi: «Azərbaycanda son illərdə təxminən 500-dən artıq tarixi əhəmiyyət kəsb edən yeni abidə aşkarlanıb. Lakin yeni siyahının hazırlanması prosesi uzanır. Ümidvaram ki, qarşıdakı ildə bu məsələnin həllinə nail olacağıq. Düşünürəm ki, növbəti illərdə biz yeni bir proqram əsasında Azərbaycanın bölgələrində çox böyük tarixi əhəmiyyətə malik abidələrimizi qoruyub saxlaya bilərik”.
Nazir Dünya Mədəni İrs siyahısına daxil edilmiş Qobustanda yeni muzeyin inşa olunduğunu və yaxın günlərdə onun açılışının keçiriləcəyini dedi. Bununla yanaşı, bir neçə abidənin Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət olunacaq.
İclasda çıxış edən nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısında respublika ərazisində 6308 abidənin qeydə alındığını, həmçinin tarixi ərazilərin qorunub saxlanması məqsədilə 27 tarix-mədəniyyət qoruğunun yaradıldığını bildirdi.
Abidələrdə həyata keçirilən bərpa və konservasiya layihələrindən danışan şöbə müdiri bildirdi ki, 2014-cü ilədək dövlət vəsaiti hesabına İsmayıllı rayonunda Lahıc və Basqal Dövlət tarix-mədəniyyət qoruqlarının inkişaf və idarəetmə planının hazırlanması, qoruqların ərazilərində olan abidələrin bərpası və yeni inzibati binaların tikintisi, həmçinin Basqal kəndindəki hamam və məscid binalarının bərpası, Lahıc qoruğu ərazisindəki Ağolu məscidinin bərpası, Xanəgah kəndi yaxınlığındakı «Qız qalası»nın, Aşağı Ərəqirt kəndindəki məscidin bərpası, «Cavanşir» qalasının konservasiya layihəsinin hazırlanması və konservasiya işlərinin aparılması nəzərdə tutulub.
Bundan başqa, Qəbələ rayonunda «Qəbələ» tarix-mədəniyyət qoruğunun ərazisində olan Səlbir qalasının konservasiyası, qoruğun inkişaf və idarəetmə planının hazırlanması və yeni inzibati binanın tikintisi, Nic və Əmirli kəndlərindəki alban məbədlərinin bərpası, Oğuz şəhərindəki və rayonun Calud kəndindəki alban məbədlərinin, Muxas kəndindəki XIV əsrə aid qüllənin bərpası, Filə kəndi yaxınlığındakı «Surxay xan» qalasının və Xaçmaz kəndindəki «Gavur» qalasının bərpa və konservasiyası həyata keçiriləcək. Şöbə müdiri bildirdi ki, hər üç rayonun ərazisində görüləcək işlər turizmin inkişafına da müsbət təsir edəcək.
Şöbə müdiri sözügedən rayonlardan ən çox tarixi və mədəniyyət abidəsinin İsmayıllı rayonu ərazisində olduğunu diqqətə çatdırdı. Hazırda Nazirlər Kabinetinin müvafiq siyahısına əsasən rayon ərazisində 160 tarix və mədəniyyət abidəsinin mühafizə olunduğunu dedi: «Onlardan 1 memarlıq abidəsi (Lahıc Dövlət Tarix Memarlıq Qoruğu) dünya əhəmiyyətli, 1 memarlıq və 31 arxeoloji nümunə ölkə əhəmiyyətli, həmçinin 8 dekorativ-tətbiqi sənət nümunəsi isə yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Son illər rayon mədəniyyət və turizm şöbəsi tərəfindən abidələrin qorunması və istifadəsi ilə bağlı mütəmadi işlər aparılır. Bundan başqa rayon ərazisində son illər daha 52 yeni abidə aşkarlanaraq mühafizə zolağına daxil edilmişdir. Rayon ərazisində «Lahıc» və «Basqal» tarix mədəniyyət qoruqları fəaliyyət göstərir. Lahıc Dövlət Tarix Mədəniyyət Qoruğu rayonun turistlər tərəfindən ən çox ziyarət olunan yerlərindəndir. Hər il təxminən buraya 8-10 min turist gəlir ki, onların da 80 faizi əcnəbilərdir.
Lakin 1997-ci ildən başlayan geoloji-tektonik proseslər nəticəsində Lahıc Tarix-Mədəniyyət Qoruğunun ərazisində olan bir neçə abidəyə ziyan dəymişdir. Bundan başqa sel sularının təsirindən qəsəbənin girişindəki XIX əsrdə inşa olunmuş «Tağlı körpü» («Lil körpüsü») qəza vəziyyətinə düşmüş və bu abidədə təxirəsalınmaz bərpa-təmir işlərini təcili olaraq aparılmasına zərurət yaranmışdır.
Basqal qoruğunun ərazisində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə «2011-2014-cü illərdə Basqal Dövlət tarix-mədəniyyət qoruğunun inkişafı üzrə Dövlət Proqramı»nın layihəsi hazırlanmışdır. Layihəyə əsasən qoruq ərazisində turizm mərkəzi və etnoqrafik model kənd kompleksinin yaradılması da nəzərdə tutulur».
R.Nuriyev kollegiya iştirakçılarına Qəbələ rayonundakı abidələr barədə də məlumat verərək bu bölgənin geniş turizm potensialından söz açdı: «Rayon ərazisində 93 daşınmaz tarix və mədəniyyət abidəsi var ki, onlardan biri arxeoloji dünya əhəmiyyətli, 8 memarlıq və 53 arxeoloji nümunə ölkə əhəmiyyətli, 9 memarlıq, 16 arxeoloji və 2 bağ-park və xatirə abidəsi, həmçinin 4 dekorativ-tətbiqi sənət nümunəsi yerli əhəmiyyətli abidələrdir. Məlumdur ki, Qəbələ Azərbaycanın ən qədim diyarlarından biridir. Elə ona görə də dünya əhəmiyyətli abidələr siyahısına salınmış qədim Qəbələ şəhərinin və Səlbir qalasının qalıqlarının qorunması üçün 1978-ci ildə Qəbələ Dövlət tarix-bədii qoruğu yaradılmışdır. Bu ərazidə 1959-1991-ci illəri əhatə edən irimiqyaslı qazıntı işləri də aparılmışdır. Uzun fasilədən sonra rayonda SEBA (Seul-Bakı-Azərbaycan-Koreya) Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin yardımı ilə qoruqda koreyalı mütəxəssislərlə birgə geniş arxeoloji-tədqiqat işləri başlanıb.
Şöbə müdiri Oğuz rayonundakı 33 tarix və mədəniyyət abidəsinin (2 memarlıq və 15 arxeoloji ölkə əhəmiyyətli, 13 memarlıq, 2 arxeoloji və 1 bağ-park və xatirə abidəsi yerli əhəmiyyətli) vəziyyəti ilə bağlı da bilgi verdi.
Nazirlik rəsmisinin sözlərinə görə, hər üç rayonda yerli qurumlarda arxeoloji abidələr haqqında müvafiq məlumatların olmamasını, bu ərazilərin torpaq islahatı adı altında hüquqi və fiziki şəxslərə fərdi evlərin tikintisi, əkin sahələri və digər təsərrüfat məqsədləri üçün paylanmasını problem doğuran məsələlər kimi nəzərə çatdırdı. Qeyd olundu ki, bu fakt gələcəkdə həm arxeoloji-tədqiqat işlərinin aparılmasında müəyyən çətinliklər yarada, həm də ümumilikdə abidələrin dağıdılmasına gətirib çıxara bilər.
Sonra adıçəkilən hər üç rayonun mədəniyyət və turizm şöbələrinin müdirləri çıxış edərək abidələrin qorunması, təmir-bərpası, mühafizə zolaqlarının və yol nişanlarının müəyyənləşdirilməsi, eləcə də həmin tikililərə gedən yolların vəziyyəti ilə bağlı məlumat verdilər, bu sahədə müvafiq köməyin göstərilməsini xahiş etdilər. Öz növbəsində həmin rayonların icra hakimiyyəti başçılarının müavinləri problemlərdən xəbərdar olduqlarını və bu yöndə müəyyən işlərin aparılacağını bildirdilər.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “Qəbələ” arxeoloji ekspedisiyasının rəhbəri, professor İlyas Babayev də çıxış edərək qazıntıların nəticələri barədə məlumat verdi.
Müzakirəyə çıxarılan məsələlərin bir çoxunun yerli orqanlar səviyyəsində həllinin mümkün olduğunu vurğulayan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev icra strukturları ilə yerli şöbələrin birgə işinin vacibliyini diqqətə çatdırdı.
Nazir Əbülfəs Qarayev kollegiyaya yekun vurdu. Abidələrin mühafizəsi və təbliği ilə bağlı yeniliklərin tətbiqinin vacibliyini vurğulayan nazir bu sahədə təhlillərin aparılması üçün nazirliyin müvafiq şöbələrinə strateji proqramların hazırlanmasını tapşırdı. Nazirliyin bir sıra şöbələrinə hər üç rayonun mədəniyyət obyektlərinin və tarixi abidələrinin tədqiqi və təbliği ilə bağlı pilot layihənin hazırlanması ilə bağlı göstəriş verdi. Oğuz rayon mədəniyyət və turizm şöbəsinin müdirinin müraciətinə əsasən rayondakı muzey və təmirə ehtiyacı olan abidələrin təmir-bərpası məsələsinin növbəti ilin investisiya planına daxil ediləcəyini bildirdi. Bundan əlavə, abidələrə gedən yollarda yol nişanlarının qoyulması ilə bağlı da müvafiq tapşırıqlar verildi.
Həmidə Nizamiqızı